Aksiya keçirilən yerdən keçmək istəyən ermənilər üçün əlaqə nömrələri paylanıldı

Xankəndidən Laçın istiqamətində və əksinə gedən ermənilərə məxsus mülki avtomobillərin etirazçıların aksiya keçirdiyi yerdən keçidinə heç bir maneə törədilmir.
1news.az xəbər verir ki, bu barədə AzTV-nin canlı efirində aksiya iştirakçıları məlumat veriblər.
Onlar bildiriblər ki, ekoloji terrora son tələbi ilə çıxış edirlər və dinc erməni əhalisi üçün heç bir təhlükədən söhbət gedə bilməz.
Aksiya iştirakçıları müəyyən internet səhifələrində, saytlarda təcili tibbi yardım, humanitar yardım maşınlarının keçidinə şərait yaradılması üçün ermənilərin müraciət edə biləcəkləri telefon nömrələri də yerləşdiriblər. Lakin hələ bu nömrələrə hər hansı müraciət edilməyib.
Qeyd edək ki, üç gündür azərbaycanlı ekofəallar, QHT nümayəndələri, könüllülər Şuşa-Xankəndi yolunda quraşdırılmış sülhməramlı postunun qarşısında etiraz aksiyası keçirir. Onlar Rusiya sülhməramlı kontingentinin nəzarətində olan Azərbaycan torpaqlarında faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edir, həmin ərazilərdə monitorinqlərin aparılmasına şərait yaradılmasını tələb edirlər.
Lakin Ermənistan mətbuatı ekoloji terrora sivil şəkildə etiraz edən vətəndaşlarımızın aksiyası ilə bağlı saxta məlumatlar yayaraq onların yolu bağladığını, ermənilərə məxsus avtomobillərin keçidinə imkan vermədiyini iddia edir. Bu faktlar isə erməni saxtakarlığını ifşa edir, yolu əslində azərbaycanlıların deyil, sülhməramlıların bağladığını göstərir.