“PAŞA Holding” şəhidlərimizin 18 yaşadək olan övladları üçün sosial layihəyə başlayır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“PAŞA Holding” şəhidlərimizin 18 yaşadək olan övladları üçün sosial layihəyə başlayır - FOTO

Qafar Ağayev17:39 - 19 / 12 / 2022
“PAŞA Holding” şəhidlərimizin 18 yaşadək olan övladları üçün sosial layihəyə başlayır - FOTO

“PAŞA Holding” 44 günlük Vətən müharibəsi və 2022-ci ilin sentyabrındakı erməni təxribatları zamanı şəhid olan qəhrəmanlarımızın 18 yaşadək övladları üçün sosial dəstək proqramına start verir.

Proqrama əsasən, 2023-cü il ərzində hazırda 18 yaşadək olan şəhid övladları üçün təhsil, səhiyyə və digər sahələr üzrə sosial layihələr həyata keçiriləcək.

1news.az xəbər verir ki, layihə ilə bağlı bu gün tədbir keçirilib.

Tədbirdə çıxış edən “PAŞA Holding”in Baş İcraçı Direktorun müavini Şahin Məmmədov deyib ki, bu dəstək proqramı fərqli sahələri əhatə edəcək. “Proqram sosial yönümlüdür. Səhiyyə və təhsil istiqamətlərinə daha çox yönəldiləcək və şəhid övladlarının problemlərinin həll olunmasına biz tərəfdən dəstək göstəriləcək. “PAŞA Holding” 2 ildir azad olunmuş ərazilərin bərpası üçün işlər öz dəstəyini verir, amma eyni zamanda bizim qazilərin və şəhidlərin övladlarına dəstək üçün tədbirlərimiz olub. Bu da həmin tədbirlərdən, proqramlardan biridir. 44 günlük müharibədə şəhid olan şəxslərin övladları üçün 2023-cü ildə keçiriləcək bu sosial proqramın ümumilikdə 2 milyon azn təşkil etməsi nəzərdə tutulub. Düşünürük ki, bu proqramların əhatəsi genişlənəcək və daha səmərəli olacaq”.

“PAŞA Holding”in dövlət qurumları ilə əlaqələr və KSM departamentinin direktoru Nazim Səfərov bildirib ki, “PAŞA Holding” hər zaman özünün sosial məsuliyyət zirvəsində olmağa çalışır.

“Paşa Holdinq özünün korporativ sosial məsuliyyətini dərindən dərk edən şirkətlər sırasındadır. Biz çalışırıq ki, bizə olan gözləntiləri daim qarşılayaq. “PAŞA Holding”in korporativ sosial məsuliyyət sahəsində öz strategiyası, siyasəti var. Bu siyasət çoxşaxəlidir və təhsil, səhiyyə, mədəniyyət olmaqla bir çox sahələri əhatə edir.“PAŞA Holding” artıq bir neçə ildir aztəminatlı ailələrin birinci sinfə gedən övladlarını sentyabr ayında məktəbli ləvazimatları təmin edir. Sosial Məsuliyyət proqramı çərçivəsində, 2023-cü ildə bu siyahıya Vətən müharibəsi zamanı şəhid olan şəxslərin məktəbli övladarı da əlavə olunacaq”.

Çıxış edən “Bravo"nun Marketinq departamentinin qrup lideri Əliqulu Mehdiyev qeyd edib ki, şəhidlərimiz həyatımızın bütün anında bizimlədir.
“Şəhidlərimizin övladları bizə əmanətdir. Biz də “Bravo” olaraq şəhidlərimizin əmanətlərini hər zaman diqqətdə saxlayırıq. Bir çox tədbirlərdə həm sosial tədbirlərin iştirakçısı olmuşuq, həm də tədbirin təşkilatçılarından biri olmuşuq. Pandemiya müddətində ehtiyacı olan ailələrə dəstək göstərmişik. Bu tədbir də çox önəmlidir. Biz belə tədbirləri özümüzdə dəyər halına gətirmişik”.

“PAŞA Sığorta” şirkətinin Marketinq departamentinin rəhbəri Məruz Əzməmmədova deyib ki, “PAŞA Sığorta” tərəfindən 44 günlük Vətən müharibəsi və 2022-ci ilin sentyabrındakı erməni təxribatları zamanı şəhid olan qəhrəmanların 18 yaşadək övladları 2023-cü il ərzində tibbi sığorta ilə təmin ediləcək.
“Bu şəhid övladlarımızın 2023-cü il üzrə bütün tibbi xərcləri “PAŞA Sığorta” tərəfindən qarşılanacaq. Genişləndirilmiş sığorta paketi həm də stomotologiya sahəsi və xroniki xəstəlikləri əhatə edəcək. “PAŞA Holding” və “PAŞA Sığorta” şirkətləri 18 yaşadək olan şəhid övladları üçün yanvar ayından etibarən xüsusi sığorta paketi təqdim edəcək. Genişləndirilmiş sığorta paketində həm stomatologiya, həm də xroniki xəstəliklərinin müalicəsinə dəstək əhatə olunacaq”.

Sonda çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, belə tədbirlərin keçirilməsi çox önəmlidir.

“Tədbir Vətən Müharibəsi şəhidlərimizin 18 yaşına çatmamış övladlarının problemlərinin həllinə yönəlib. Mən ölkə ombudsmanı olaraq ölkənin aparıcı şirkətlərindən biri olan “Paşa Holding”ə öz təşəkkürümü bildirirəm ki, öz ənənəsinə sadiq olaraq xalqımız üçün olduqca əhəmiyyətli olan növbəti uğurlu sosial layihəyə imza atır. Belə bir sosial layihələrin gələcəkdə də həyata keçirilməsi olduqca vacibdir. Şəhidlərimzin övladları və xüsusi qayğıya ehtiyacı olan digər uşaqların inkişafı baxımından mühüm rola malik olan bu kimi vacib təşəbbüsə digər özəl şirkətlər də qoşulmalıdır. Bu xoş ənənə ölkəmizin bütün regionlarını əhatə etməlidir”.

Qeyd edək ki, 2020-ci ildən etibarən “PAŞA Holding”in əsas məqsədləri sırasında vacib yerlərdən birini Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulmasına, bu ərazilərdə dayanıqlı iqtisadiyyatın formalaşmasına töhfə vermək, Vətən müharibəsinin şəhid və qazi ailələrinə dəstək göstərmək təşkil edir. Bunu nəzərə alaraq, şirkət cari proqramların uzunmüddətli davam etməsi planlaşdırır. Təlabatdan asılı olaraq, növbəti illərdə proqramda müvafiq dəyişikliklərin edilməsi də mümkündür.

Paylaş:
712

Son xəbərlər

Bütün xəbərlər