Məktəblərə işə qəbul müsabiqəsinin test imtahanının nəticələri açıqlanıb
![Məktəblərə işə qəbul müsabiqəsinin test imtahanının nəticələri açıqlanıb](/images/2022/12/29/20221229055430868/thumb.jpg?2022-12-29+17%3A55%3A39)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxanaçı (kitabxana müdiri), uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul müsabiqəsinin test imtahanının nəticələri bəlli olub. BŞTİ tərəfindən keçirilən test imtahanının nəticələri namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndərilib.
Bu barədə 1news.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, test mərhələsinin nəticəsinə əsasən, 178 nəfər uğur qazanıb və 30 nəfər ehtiyat kadr siyahısına əlavə olunub.
Psixoloq vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
Kitabxanaçı (kitabxana müdiri), uşaq birliyi təşkilatı rəhbəri vəzifələrinə işə qəbul üzrə test imtahanından uğurla keçən namizədlər isə müvafiq vəzifə üzrə təyinat alacaqlar.