Deputat: “İlham Əliyevin dönəmində idmanla bağlı təbliğat işləri uğurla həyata keçirilib”
"Cənab Prezident İlham Əliyev ilin idman yekunları ilə bağlı idmançılarla görüş keçirdi və bu görüşdə maraqlı məqamlara toxunuldu. Azərbaycan idman ölkəsi olaraq dünyada tanınır, Azərbaycan idmançıları bayrağımızı hər zaman yüksəklərdə dalğalandırılar".
Bu sözləri 1news.az-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev deyib:
"İdmançılarımız yüksək yerlər tuturlar, çoxlu sayda qızıl medalları ölkəmizə gətirirlər. Dünən də Cənab Prezident maraqlı məqama toxundu. Sağlam həyat tərzinin sadə vətəndaşlar arasında da təbliğ olunmasını bildirdi. Həmçinin paytaxt ərazisində yerləşən parklarda idman alətlərinin olmasının əhəmiyyətini qeyd etdi və bunun başqa bölgələrdə də yayılmasının tərəfdarı olduğunu dedi. Bu da birbaşa olaraq insanlar arasında idmana marağı artıracaqdır və bu çox önəmli bir nüansdır. Əksər inkişafetmiş ölkələrdə yolboyu idman alətləri var və bu alətlərdən vətəndaşlar uşaqdan tutmuş böyüyə qədər hər kəs istifadə edir. Bu alətlərdən ölkəmizdə vətəndaşlar pulsuz istifadə edir və bu insanlar arasında idmanı təbliğ edir. Bununla da sağlam həyat tərzi normal həyat tərzinə çevrilir. Həmçinin Cənab Prezident azad olunmuş ərazilərdə idmanın təbliği ilə bağlı fikrilər bildirdi. Qarabağ və Şərqi Zəngəzurda quruculuq-abadlıq işləri həyata keçirilir. Həmin ərazilərin baş planları təsdiqlənib və həmin baş planlara uyğun olaraq infrastuktur layihələr həyata keçirilir. Ağdamda "Qarabağ" klubunun imarət stadionu və onun yanında İdman Kompleksinin tikiləcəyi mesajını Cənab Prezident verdi. Bir çox idman komplekslərinin tikilib istifadəyə veriləcəyi ilə bağlı Cənab Prezident məlumat da verdi".
Deputat həmçinin işğaldan azad edilən ərazilərdə gələcəkdə peşəkar idmançılar yetişə biləcəyini də vurğulayıb:
"Azərbaycan məhz Cənab Prezident İlham Əliyevin dönəmində idmanla bağlı təbliğat işləri uğurla həyata keçirilibdir. Buna misal olaraq 44 günlük Vətən Müharibəsini göstərə bilərik. Azərbaycan gəncləri heç vaxt üzünü görmədikləri, yalnız fotolarda gördükləri torpaqlar üçün döyüşməyə getdilər, şəhid oldular. Qazilərimiz bizim canlı şəhidlərimizdir. Onlar torpaq uğrunda öz sağlamlıqlarını fəda ediblər. Fəxr edirik ki, belə gənclərimiz var. Biz tarixi köklərimizə sadiq qalmalı, təbliğat işlərini daha da gücləndirməliyik. Biz düşünürük ki, növbəti beynəlxalq idman yarışlarında Azərbaycan idmançıları daha da böyük uğurlara imza atacaqlar. İdman və gənclər ölkəsi kimi tanınan Azərbaycan dünya sırasında öz layiqli yerini tutacaqdır".