Ölkə ərazisində köçəri və oturaq quşların sayğısı aparılır
Köçəri və oturaq quşların sayında olan dinamikanın izlənilməsi məqsədilə ölkə ərazisində sayğı prosesinə başlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev 1news.az-a bildirib ki, Azərbaycan Ornitoloji Cəmiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşlarının iştirakı ilə hazırda köçəri və oturaq quşların sayğısı Qızılağac, Şirvan, Abşeron, Ağgöl milli parklarında, Samux, Varvara, Ağzıbir, Yaşma, Sarısu ovçuluq təsərrüfatlarında və onlarla həmsərhəd ərazilərdə keçirilir.
O qeyd edib ki, Avrasiyadakı köçəri quşların miqrasiya yollarından biri Azərbaycan ərazisindən keçir və quşların əsas miqrasiya marşrutları üzərində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar yerləşir.
Xidmət rəisi ölkəmizdə 400-dən çox ornitofauna növü olduğunu və Qızılağac, Ağgöl, Abşeron, Şirvan milli parklarının ərazisində bu növlərin qorunması ilə yanaşı, ekoturizmin bir istiqaməti olan "quşların müşahidəsi" (birdwatching) üçün də geniş imkanlar olduğunu diqqətə çatdırıb.
“Bu milli parklardan Qızılağac və Ağgöl daha geniş ornitoloji imkanlarına görə beynəlxalq əhəmiyyətli su-bataqlıq əraziləri haqqında Ramsar Konvensiyasının siyahısına daxil edilib”.