Bakıda damarlarını kəsməyə cəhd edən şagird məktəbdən qovulub? - Məktəbdən CAVAB

Ötən gün redaksiyamıza Bakı şəhəri 94 nömrəli tam orta məktəbdə şagirdlərdən birinin intihara cəhd etməsi ilə bağlı məlumat daxil olub.
Göndərilən məlumatda iddia edilib ki, məktəb rəhbərliyi damarlarını kəsməyə cəhd edən şagirdə ilkin müdaxilə üçün təcili tibbi yardım çağırmaqdan imtina edərək, onu məktəbdən qovub.
Bəs görəsən hadisə necə baş verib? Həqiqətən də şagird məktəbdən qovulubmu?
Məsələ ilə bağlı 94 nömrəli tam orta məktəbdən 1news.az-ın sorğusuna cavab verilib.
“17 yanvar 2023-cü il tarixində 11 a sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) təsadüf nəticəsində dəhlizdəki pəncərəyə toxunub, nəticədə pəncərənin şüşəsi sınıb və şagirdin sağ əlinin orta barmağı yüngül zədələnib. Şagirdə ilk tibbi yardım göstərilib.
Məsələ ilə bağlı valideynlə müvafiq söhbət aparılıb. Valideyn oğlunun etdiyi hərəkətə görə üzrxahlıq edib.
Hazırda həmin şagird dərs prosesində iştirak edir” - deyə, məktəbin cavabında qeyd olunub.