“Cinsi tərbiyə təkcə uşaqlara necə yarandıqlarını başa salmaq deyil...” - Psixoloq və Sosioloqdan ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

“Cinsi tərbiyə təkcə uşaqlara necə yarandıqlarını başa salmaq deyil...” - Psixoloq və Sosioloqdan ŞƏRH

Ayşən İsmayılova14:00 - 26 / 01 / 2023
“Cinsi tərbiyə təkcə uşaqlara necə yarandıqlarını başa salmaq deyil...” - Psixoloq və Sosioloqdan ŞƏRH

“Ana, toyunuzda niyə mən yoxam?”,

“Mən necə doğulmuşam?”, “Atalar niyə hamilə olmurlar?”

Övladı olan bütün valideynlər müəyyən vaxtdan sonra bu cür suallara tuş gəlirlər. Nə cavab verəcəklərini bilməyən ata-analar isə həyəcana qapılır və övladlarının “gözü tez açılmasın” deyə “səni bazardan almışıq”, “leylək gətirib” şəklində absurd cavablar verərək uşağın fikrini yayındırırlar. Bəzən isə qışqıraraq “bunu sənə kim öyrədib?”, “tərbiyəsiz” və s. kimi kobud sözlərlə intim bölgələr, cinsi həyat və əks cinslə bağlı anlayışları uşaqların şüuraltına ayıb, utanılacaq və murdar mövzular olaraq kodlayırlar. Evliliklərin dağılmasında önəmli faktorlardan birinin də məhz cinsi problemlər olduğunu nəzərə alsaq, uşaqlara cinsi tərbiyə verilməsinin əslində heç də “uşaq oyuncağı” olmadığını görərik.

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan Psixoloq Fərqanə Mehmanqızı uşaqların 4-5 yaşından sonra bu cür suallar verdiyini və həmin yaşda uşaqlara da doğrunu demək, yəni körpənin ananın qarnından dünyaya gəldiyini söyləmək lazım olduğunu deyib.

“Artıq texnologiya inkişaf edib. İstəsəniz də, yalan danışa bilməyəcəksiniz. Uşaqları əvvəlki kimi “səni xəstəxanadan aldıq”, “kələmdən çıxdın”, “o gətirdi, bu gətirdi” deyib aldatmaq olmur. Onsuz da yaşı artdıqca özləri internet və sairədən öyrənirlər”.

F. Mehmanqızı əslində cinsi tərbiyənin çoxşaxəli mövzu olduğunu qeyd edib:

“Cinsi tərbiyə təkcə uşaqlara necə yarandıqlarını başa salmaq deyil, həm də onlara oğlan və ya qız olduqlarını anlatmaq, cəmiyyətdəki oğlan və qız obrazını başa salmaq, uşaqlarda qadın və ya kişi xarakterinin formalaşmasına yardım etməkdir. Hər bir insan övlad dünyaya gətirəndə uşaqların tərbiyə metodlarını öyrənməlidir ki, insanı necə yetişdirmək lazım olduğunu bilsin.

Həmçinin valideynlər uşaqlarına başa salmalıdırlar ki, sənin intim bölgələrin var və bu bölgələrinə həkimdən, valideynindən başqa heç kəs toxuna bilməz. Ata-ana və həkim də sənin icazən olduğu zaman toxuna bilərlər. Sənin bədənin sənin özəlindir. Bu mövzuda uşaqları 2 yaşından etibarən öyrətmək lazımdır ki, sən kimisə tutub öpə və toxuna bilməzsən, eləcə də kiminsə səni öpməyinə və toxunmağına da icazə verməməlisən. Bu cür yetkin yaşda olanda kiməsə məcbur toxunmaq və ya kiminsə sənə toxunmağına icazə verməmək vərdişlərini aşılamış oluruq. Bununla da uşağı gələcəkdə təcavüzkar bir insan olmaqdan qoruya bilirik.

İnsanlar uşaqları çox istədikləri üçün dodağından öpürlər, amma pediatrlar deyirlər ki, olmaz. Həm də dodaq intim bölgəyə aiddir. Valideynlər yaxşı olar ki, övladlarının dodaqlarına toxunmasınlar. Çünki uşaq üçün kiminsə dodağına toxunmaq adiləşir”.

Sosioloq Lalə Mehralı da mövzu ilə bağlı fikirlərini söyləyib:

“Əslində valideynləri də başa düşmək lazımdır, çünki həmin yaşda olanda onların özlərinə də bu cür davranılıb. Bir insan bilmədiyi mövzu ilə bağlı sual eşidəndə vaxtilə ona necə cavab verilibsə, o da o cür cavab verməyə çalışır. Deməli, bizdə əvvəldən sistem düzgün qurulmayıb.

Ümumiyyətlə cinsi tərbiyə genişmənalı sözdür. Buraya uşağın öz bədənini tanıması və qoruması, məhrəm yerlərini kənar şəxslərə göstərməməsi və görmələrinə mane olması daxildir”.

Sosioloq bir neçə gün öncə Nərimanov rayonu ərazisində dərsdən evə qayıdarkən ona yaxınlaşaraq naməlum ünvana aparmaq istəyən manyakın əlindən qaçan məktəbli qız haqqında da danışıb:

“Sonuncu hadisədə hamımız qızın cəsurluğuna şahid olduq. Onun valideynlərinə halal olsun ki, ona vaxtında məhrəm məsələləri, özünü qorumağı öyrədə biliblər”.

L.Mehralı uşaqların cinsi tərbiyəsində məktəbin önəmindən də danışıb:

“Öz yaxınları tərəfindən cinsi qısnamalara məruz qalan uşaqlar da var. Təbii ki, onlar başqalarına qarşı güvən problemi yaşayacaqlar. Mütləqdir ki, bununla bağlı məktəbdə təlimlər keçirilsin.

Ana yaxud ata himayəsindən məhrum olan uşaqlar var. Tutaq ki, qız uşağıdır və atası ilə birgə yaşayır. Təbii ki, ata qızı ilə hər şeyi danışa bilmir. Məktəblərdə qadın müəllimlər bu cür qız uşaqlarına məhrəm yerlərini qorumağın qaydalarını, gigiyenik məsələləri başa salsa, daha yaxşı olmazmı? Bununla bağlı dünya təcrübəsində bir çox nümunə var.

Bizdə əvvəllər çoxlu tabular vardı. Qız uşaqlarında menstruasiya dövrü başlayanda anasına deyə bilmirdi. Son zamanlar gənc analar övladları ilə aralarında səmimiyyət yaradıblar, onlara hər şeyi bacı kimi başa salırlar.

Orta məktəbdə oxuyarkən mənim müəllimim də “bu mövzunu evdə oxuyarsınız” deyib həmin mövzunu bizə izah etməmişdi. Bunlar tabularla bağlıdır. Əgər bu tabunu mental dəyərlərimiz yıxa bilmirsə, oğlanlara kişi, qızlara qadın müəllimlər həmin dərsi tədris edərək başa salmalıdırlar. Çünki uşaqlar bədənlərini tanımırlar”.

Sosioloq həmçinin sünnət məsələsindən də söz açıb:

“Valideynlər uşaqlarını sünnət etdirərkən bunu sadə, toysuz və təmtəraqsız şəkildə həyata keçirməlidirlər. Uşaqlar həkimə aparılarkən sanki dişi çəkilirmiş və ya boğaz əti götürülürmüş kimi davranmaq lazımdır. Çox təəssüf ki, son dövrlərdə qızların menstruasiya dövrünün başlamasını sünnətə bənzədərək "party"ləyirlər. Bu hələ ki bizə gəlib çıxmayıb, yaxşı ki də gəlib çıxmayıb. Hesab edirəm ki, bunlar məhrəm şeylərdir və aləmə car çəkməyin yeri yoxdur”.

L.Mehralının sözlərinə görə valideynlərin övladlarını dodağından öpərək əzizləməsi düzgün deyil:

“Körpə uşaqları dodağından, üzündən, yanağından, boğazından marçamarç öpmək məni həmişə narahat edir. Biz bilirik ki, sağlam insanın ağzında belə onlarla bakteriya olur. Onları müdafiəsiz körpəyə keçirmək olmaz. Uşaqları bu cür öpmək, ağzının suyunu onların üz-gözünə yaxmaq etik deyil. Körpə uşaqları əlindən və ya ayağından öpmək daha yaxşı olar. Yaxşı olar ki, valideynlər uşaqlarını da bununla bağlı təlimatlardırsınlar. Çünki valideynlər uşaqlarını qohum və tanışların öpməsinə etiraz edə bilmirlər. Amma bunu övladlarımıza öyrətsək, uşaqlar özləri etiraz edəcəklər. Bu zaman heç kəs valideynləri günahlandıra bilməyəcək”.

Sosioloq son olaraq övladından bəhs edərkən üzr istəyərək danışan insanlardan da bəhs edib:

“Övladından və ya həyat yoldaşından danışarkən üzr istəmək absurddur. Kişilər 30-40 il öncə öz övladlarını atalarının yanında qucaqlarına ala, onlara nəvaziş göstərə bilmirdilər. Buna görə də özünə güvənməyən, özünü sevməyən nəsil formalaşdı. Kişilər “üzr istəyirəm, həyat yoldaşım...”, “böyüklərimdən üzr istəyirəm, övladım...” deyə danışırlar. Niyə övlad üçün başqalarından üzr istəməlisən? Övlad dünyanın ən gözəl varlığıdır”.

Paylaş:
886

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər