Dövlət Vergi Xidməti: Türkiyəyə bank ödənişlərindən ƏDV tutulmur
Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərilir. Maddi yardım təqdim edən vətəndaşlar elektron ödəniş sistemlərindən istifadə edirlər ki, bu zaman vətəndaşların pul köçürmələrindən vergi tutulması kimi hallar barədə ictimaiyyət arasında məlumatlar yayılıb.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən 1news.az-a verilən məlumata görə, vətəndaşlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə elektron qaydada aparılan ödənişlər hər hansı elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığından həmin ödənişlərdən ödəməni həyata keçirən banklar tərəfindən 18 faiz dərəcə ilə ƏDV tutulmur.
Köçürmələr zamanı hesablarından vergi məbləğləri tutulması halları ilə qarşılaşan vətəndaşlar İqtisadiyyat Naziriyinin 195-1.2 Cağrı Mərkəzi vasitəsilə Dövlət Vergi Xidmətinin qaynar xəttinə, habelə müvafiq banka məlumat verə bilərlər.