Azərbaycan Milli Paralimpiya və Abilimpiya Federasiyasının prezidenti Fransa səfiri ilə görüşüb
Fevralın 22-si Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti, Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon ilə görüşüb.
1news.az xəbər verir ki, görüşdə Komitə prezidentinin köməkçisi, idman şöbəsinin müdiri Kamal Məmmədov, Milli Abilimpiya Federasiyasının vitse-prezidenti Rüfət Hacılı və səfirlik əməkdaşları iştirak ediblər.
Komitə prezidenti İlqar Rəhimov ölkəmizdə paralimpiya hərəkatının inkişafı sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və gələcək fəaliyyət barədə səfirə məlumat verib. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov qeyd edib ki, hazırda gələn il Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına hazırlıq işləri davam etdirilir və bununla bağlı Komitə, Oyunların Təşkilat Komitəsi ilə sıx əməkdaşlıq edir. İ.Rəhimov bildirib ki, Paris 2024-də iştirak edəcək Azərbaycan milli komandasının Oyunlara son hazırlıq mərhələsinin 2024-cü ilin avqust ayında Fransanın Ajan şəhərində keçirməsi nəzərdə tutulur. Qeyd edilib ki, artıq Ajan şəhərinin rəhbərliyi ilə də bu barədə danışıqlar aparılır.
İlqar Rəhimov ölkəmizdə fiziki məhdudiyyətli şəxslərə xüsusi diqqət göstərildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə müvafiq dövlət qurumları tərəfindən bu istiqamətdə mühüm işlər görüldüyünü qeyd edib. İ.Rəhimov ölkəmizdə sürətlə inkişaf edən abilimpiya hərəkatı haqqında səfirə məlumat verib. O, bildirib ki, Azərbaycan abilimpiyaçıları 22-25 mart 2023-cü il tarixlərində Fransanın Mets şəhərində keçiriləcək X Beynəlxalq Abilimpiya Çempionatında iştirak edəcək.
Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon görüş üçün təşəkkürünü bildirib. O, paralimpiya və abilimpiya hərəkatlarının fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası və özlərini inkişaf etdirməsi üçün prioritet sahələrdən biri olduğunu diqqətə çatdırıb. Eləcə də Fransada da bu sahələrə geniş marağın olduğunu qeyd edib. Xanım A.Buayon Azərbaycan paralimpiyaçı və abilimpiyaçılarına qarşıdan gələn yarışlarda uğurlar arzulayıb.
Daha sonra tərəflər arasında birgə əməkdaşlıq mövzusunda geniş müzakirələr aparılıb.