Azərbaycan qadının cəmiyyətdəki layiqli mövqeyi dövlətin uğurudur

Azərbaycan qadını hər zaman ən yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olub.
Qadınlarımızın yüksək intellekti, ziyalı mövqeyi, mənəvi saflığı həm də sağlam Azərbaycan ailəsinin formalaşmasına zəmin yaradıb. Azərbaycan qadını qayğıkeş ana, sədaqətli həyat yoldaşı kimi vətənpərvər övladlar böyüdür.
Prezident İlham Əliyevin 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə ünvanladığı təbrik məktubunda da deyildiyi kimi, fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, vətəni ana qədər əziz və müqəddəs bilən, qəlbləri doğma yurda sevgi ilə dolu, ənənələrimizə sadiq, saf əqidəli övladlar yetişdirirlər. “Haqq işi uğrunda apardığımız Vətən müharibəsində xalqımıza parlaq qələbə sevinci yaşadan gənclərimizin unudulmaz rəşadəti bunun aydın təzahürüdür”. Öz qanları, canları bahasına Vətənin azadlığını təmin edən qəhrəman oğullarımızın əmanəti olan şəhid anaları bu gün Azərbaycanda ən şərəfli qadın obrazıdır. Biz onların qarşısında baş əyirik.
Azərbaycan qadını həm də ictimai-siyasi proseslərin fəal iştirakçısıdır. Ölkədə həyata keçirilən uğurlu qadın siyasəti zərif cinsin nümayəndələrinin özlərini təqdim etməsinə imkan verir. Azərbaycanın ən böyük uğurlarından biri qadınlarımızın qərar qəbul etmənin bütün səviyyələrində fəal iştirak etmələri, ölkənin ictimai-siyasi həyatında gender paritetinin qorunmasıdır. İcraedici dövlət vəzifələrində çalışan qadınların sayının artması, siyasi qərarların qəbulu proseslərində qadınların liderliyi həm də ölkədə gender bərabərliyini inkişaf etdirməyə kömək edir. Eyni zamanda hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunları qəbul olunub. Ailə, Cinayət, İnzibati Xətalar, Mülki məcəllələrinə dəyişikliklər və əlavələr edilib. Əsas prioritetlərdən biri gender bərabərliyi ilə bağlı yeni qanunların və qanunvericiliyin təşviqi, eyni zamanda qadınların hüquqlarının qorunmasını təmin etməkdir. Bu mənada Azərbaycanda həyata keçirilən qadın siyasətinin nəticələrini qeyd etməliyik.
Bütün sahələrdə uğur qazanan qadınlarımızın cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə böyük diqqət var. Azərbaycan həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət qulluqçusu, xalqın etimad göstərdiyi millət vəkilidir. Azərbaycanın birinci vitse-prezidentinin zərif cinsin nümayəndəsi olması ölkədə uğurlu qadın siyasətinin ən bariz nümunəsidir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən, ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığını, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunu bir daha təsdiqləyir. Bu gün Azərbaycanda eyni zamanda nazir müavinləri, icra hakimiyyəti başçılarının müavinləri də zərif cinsin nümayəndələridir.
Bununla yanaşı, Ali Qanunverici Orqanda spiker başda olmaqla 22 qadın parlamentari təmsil olunur. Yəni, bütün sahələrdə, o cümlədən dövlət idarəçiliyində qadınların üstünlük təşkil etməsi Azərbaycanda uğurlu qadın siyasəti ilə şərtlənir.
Azərbaycan həm də qadın hərəkatının inkişaf etdiyi dövlətlərdən biridir. Ölkəmizdə qadın hərəkatının formalaşmasında, Azərbaycan qadınının yüksək dəyərlərə bağlılığının dünyaya tanıdılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Mehriban Əliyeva öz fəaliyyətini cəmiyyətin inkişafına yönəltməklə Azərbaycan qadınının ictimai-siyast fəaliyyətinin yeni səhifəsini açıb.
Məhz Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin, xeyriyyəçiliyinin, nəcibliyinin timsalında bütün dünya Azərbaycan qadınının hansı yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olduğunu görür. Azərbaycan qadını sosial statusu, yüksək intellekti və əldə etdiyi uğurlarla öndədir.
Dövlət başçımızın da söylədiyi kimi, xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyi prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər. Qadınların cəmiyyətdəki layiqli mövqeyi hər bir dövlətin uğuru hesab olunur.
Bu baxımdan Azərbaycanda bərqərar olan demokratik mühit, həyata keçirilən uğurlu dövlət siyasəti qadınlarımıza öz potensiallarını gerçəkləşdirmək üçün əlverişli imkanlar yaradıb. Bütün bunlardan irəli gələrək Azərbaycan qadını dövlətin inkişafına və cəmiyyətimizin yüksəlişinə layiqli töhfələr verməkdədir.
Reklam hüququnda