Gürcüstanın təhsil və elm naziri Qaxda STEAM Mərkəzinin açılışında
Martın 15-də ölkəmizdə səfərdə olan Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli elm və təhsil naziri Emin Əmrullayevlə birgə Qax şəhəri N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseydə STEAM Mərkəzinin açılış mərasimində iştirak edib.
1news.az xəbər verir ki, mərasimə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev də qatılıb.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Daha sonra qonaqlar məktəb-liseydə yaradılmış şəraitlə tanış olublar. Emin Əmrullayev və Mixeil Çxenkeli təhsil müəssisəsində Azərbaycan və gürcü bölmələrində tədris prosesi ilə tanış olub, müəllim və şagirdlərlə söhbət aparıblar. Bildirilib ki, məktəb-liseydə 32 Azərbaycan, 11 rus, 10 gürcü, ümumilikdə isə 53 sinif komplekti var. Təhsil müəssisəsində məktəbəhazırlıq qrupları ilə birgə 946 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 157 müəllim məşğul olur.
Məktəb-liseydə yeni fəaliyyətə başlayan STEAM Mərkəzi ilə tanışlıq zamanı qonaqlara bildirilib ki, sözügedən təhsil müəssisəsində artıq 3 ildir STEAM tədris olunur. İnnovativ texnologiyalarla tam təmin olunan mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və mərkəzdə elm, aşağı sinif şagirdləri üçün “Logo system” zonaları, CNC və 3 D çap mexatronika, dron istiqamətləri üzrə sahələr mövcuddur.
Sonra elm və təhsil naziri Emin Əmrullayev gürcü həmkarı ilə birgə gürcülərin yaşadığı Əlibəyli kəndində olublar. Emin Əmrullayev və Mixeil Çxenkeli kənddə gürcüdilli tam orta məktəbi ziyarət ediblər. Məlumat verilib ki, təhsil müəssisəsi ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən yenidən inşa olunub və 2019-cu ildə istifadəyə verilib. Müasir standartlara uyğun inşa edilən 216 şagird yerlik məktəb binasında sinif otaqları ilə yanaşı, 11 fənn kabineti, 2 laboratoriya, 2 texnologiya kabineti, kompüter və hərbi hazırlıq otaqları, həmçinin yeməkxana, akt və idman zalları, xidməti otaqlar fəaliyyət göstərir. Məktəbdə təhsil alan 158 şagirdin təlim-tərbiyəsi ilə 30 müəllim məşğul olur.
Daha sonra şagirdlərin ifasında Azərbaycan və Gürcüstanın milli rəqsləri nümayiş etdirilib, musiqi nömrələri səsləndirilib.
Sonda xatirə şəkli çəkdirilib.