Kənd təsərrüfatı vəzifəsini müvəqqəti icra edən Sarvan Cəfərovun DOSYESİ
Prezident İlham Əliyev Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrasının Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilməsi ilə bağlı sərəncam imzalayıb.
1news.az Sarvan Cəfərovun dosyesini təqdim edir:
Sarvan Cəfərov 1985-ci il, 28 oktyabrda anadan olub. Bakı şəhəri, 178 saylı orta məktəbdə təhsil alıb. Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr təhsili alıb. Təhsilini fərqlənmə diplomu ilə bitirib.
2008-2010-cu illərdə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə Bakı Dövlət Universitetində magistr təhsili alıb. Təhsilini fərqlənmə diplomu ilə bitirib. 2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi işləyib.
2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib. 2012-2-15-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə olunması (MBA) ixtisası üzrə magistr təhsili alıb. 2015-2017-ci illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsili alıb.
2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantıdır. 2018-ci ildə Aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi olub. 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib. Mart ayından iyul ayına kimi Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.
İngilis və Rus dillərini bilir. Evlidir, 3 övladı var.