Naqif Həmzəyev: “Ermənilər insanlıq əleyhinə cinayətlərini davam etdirəcəkləri təqdirdə dəmir yumruq işə düşə bilər”
“Təəssüflər olsun ki, Azərbaycan əsgərləri hava şəraiti ilə əlaqədar yollarını azaraq Ermənistan tərəfinə keçib”.
Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
“Hər kəs əsirlərə qarşı necə davranmaq lazım olduğunu bilir. Bununla bağlı beynəlxalq hüquq və konvensiyalar var. Hətta müharibə zamanında belə əsirlərlə tamamilə normal davranılır və onlara qarşı heç bir güc və təzyiq tətbiq edilmir. Ancaq ermənilər bizim əsgərlərimizi əsir götürdükdən sonra işgəncə veriblər. Onların əllərini bağlayaraq onlara zülm ediblər. Onların həyatlarını təhlükəyə atır, təhqir edir və utanmadan bunları videoya çəkərək sosial şəbəkələrdə yayırlar”.
Deputat qeyd edib ki, əgər belə bir hadisə başqa bir ölkədə olsaydı, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar buna qarşı etiraz səsini qaldırardı. Ancaq təəssüflər olsun ki, beynəlxalq təşkilatlar hələ də susurlar. Ermənistanda Azərbaycanlı əsirə qarşı törədilmiş bu vəhşiliyə görə heç bir fikir bildirmirlər. Hətta Qızıl Xaç Cəmiyyəti bu hadisəni soyuqqanlılıqla qarşılayaraq əsirlə təmasa girmək niyyətlərini səsləndirsələr də, konkret olaraq Ermənistanın bu əməlinə heç bir münasibət bildirmirlər.
Təəssüflər olsun ki, hələ də Ermənistanda revanşist qüvvələr, faşitlər, həmçinin türklərə nifrət bəsləyən insanlar var və bu insanlar sülhün olmasını istəmirlər, sülhə kölgə salırlar və sülhə gedən yolu bağlamaq istəyirlər.
İstənilən halda Azərbaycan qalib ölkədir. Azərbaycan səbir edir, ancaq bizim də səbrimizin bir həddi var. Ermənilər bu cür təxribatlarını, insanlıq əleyhinə cinayətlərini davam etdirəcəkləri təqdirdə dəmir yumruq işə düşə bilər. Ermənilər bu etdiklərinə görə cavab verməli olacaqlar”.
N.Həmzəyev son olaraq Ermənistan tərəfindən ən qısa zamanda Azərbaycanlı əsirlərə qarşı edilən işgəncələrin dayandırılmasını və onların geri qaytarmasını tələb edib.
“Ən azından anlasınlar ki, onlar hər Azərbaycan silahlı qüvvələri tərəfindən bu əməllərinə görə cəzalandırıla bilərlər və öz əməllərinə çəki-düzən versinlər. Faşist və terrorist düşüncələrindən əl çəksinlər.
Ümid edirəm ki, Azərbaycan silahlı qüvvələri ən qısa zamanda əsgərlərimizi geri ala biləcəkdir. Azərbaycan hökuməti də əsirlərimizi geri qaytarmaq üçün lazım olan bütün addımları atır. Beynəlxalq ictimaiyyəti də qınayıram ki, onlar Ermənistan tərəfinə heç bir etiraz bildirmirlər”.