Agentlik xəstəxanalarda monitorinq keçirdi, problemlər var - NƏTİCƏLƏR
Cari ilin 4 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 12 tibb müəssisəsi monitorinqlərə cəlb edilib.
Agentlikdən 1news.az-a verilən məlumata görə, monitorinqlər Bakı şəhəri üzrə Xətai və Lökbatan tibb mərkəzlərində, Binəqədi rayonu ərazisindəki 10, 15, 35 saylı şəhər poliklinikalarında, Səbail rayonunun 33 saylı şəhər poliklinikasında, habelə Abşeron Rayon Mərkəzi Xəstəxanasında və Abşeron rayonunda fəaliyyət göstərən Hökməli, Qobu, Mehdiabad, Novxanı, Xırdalan ailə sağlamlıq mərkəzlərində keçirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində aparılan monitorinqlərin başlıca məqsədi icbari tibbi sığorta işinin təşkili prosesini qiymətləndirməkdir.
Qiymətləndirmə zamanı əsas götürülən meyarlar göndəriş vərəqəsinin rəsmiləşdirilməsi, qəbul və qeydiyyat prosesinin tənzimlənməsi, icbari tibbi sığorta haqqında maarifləndirici vasitələrin mövcudluğu, sığortaolunanların şikayətləri üzrə düzgün istiqamətləndirilməsi, tibb və qeyri-tibb işçilərinin icbari tibbi sığorta haqqında məlumatlılıq səviyyəsi, növbələrin düzgün idarə olunması və digər məsələləri əhatə edib.
Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib ki, monitorinqlər icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına və vətəndaş məmnunluğunun artırılmasına yönəlib.
“Monitorinqlər Agentliyin müvafiq struktur bölməsinin məsul əməkdaşlarından ibarət işçi qrupu tərəfindən aparılır. Ehtiyac olduqda digər struktur bölmələrin mütəxəssisləri də qrupa cəlb olunur. Monitorinqlər adətən planlı şəkildə, cədvələ uyğun aparılır. Əlavə olaraq müxtəlif səbəblərdən ən çox şikayət daxil olan tibb müəssisələri də monitorinq olunur. Qeyd edim ki, aprel ayından etibarən Agentliyin filialları tərəfindən monitorinqlər regionlarda təşkil edilir. Gələcəkdə analoji monitorinqlərin Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində də aparılması nəzərdə tutulur,” — H.İbrahimli qeyd edib.
O əlavə edib ki, monitorinqin nəticələri təhlil edildikdən sonra aşkarlanmış çatışmazlıqlar TƏBİB-ə təqdim edilir. Bir müddət sonra müvafiq tibb müəssisəsində ilkin yoxlama zamanı meydana çıxan problemlərin aradan qaldırılması ilə bağlı təkrar monitorinq aparılır. Çatışmazlıqlarla yanaşı xəstəxanalarda icbari tibbi sığortanın təşkili sahəsində əldə olunan uğurlu nəticələrlə bağlı məlumatlar toplanılaraq digər tibb müəssisələri ilə paylaşılır.
“Monitorinqlər nəticəsində məlum olub ki, bir sıra tibb müəssisələrində qeydiyyat prosesinin aparılması, növbələrin idarəedilməsi, göndərişlərin rəsmiləşdirilməsi ilə bağlı işlərin təkmilləşdirilməsinə ehtiyac var. Məsələn, pasiyent axınının effektiv idarəedilməsi üçün müvafiq xəstəxanalarda növbə tənzimləyən sistemin quraşdırılması təklif olunub. Həmçinin həkim qəbuluna qeydiyyatın “e-Tabib” mobil tətbiqi üzərindən aparılması məqsədəuyğun hesab edilib. Digər bir təklif tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətlər haqqında məlumatların gündəlik qaydada elektron sistemə daxil edilməsi ilə bağlıdır. Çünki olur ki, vətəndaş dövlət xəstəxanasından hər hansı xəstəxanaya göndərişlə müraciət etdikdə diaqnostik avadanlığın işləməməsi səbəbindən tələb olunan müayinədən keçə bilmir. Vaxtında məlumatlandırma isə vətəndaşlara daha operativ xidmətlərin göstərilməsinə və onların məmnunluğunun təmin olunmasına şərait yaradacaq”,— H. İbrahimli bildirib.
Monitorinqlər zamanı vətəndaşların ambulator tibbi xidmətlər üçün yaşadıqları ərazidən uzaq məsafədə yerləşən rayon mərkəzi xəstəxənalarına müraciət etmələri müşahidə olunub. Bu kimi hallar öz növbəsində mərkəzi xəstəxanaların yüklənməsinə səbəb olur. Qeyd edilən halların obyektiv səbəbi rayon ərazilərində yerləşən ailə sağlamlıq mərkəzlərinin olduqca dar sahədə xidmət göstərməsi ilə əlaqələndirilir. Yaranmış vəziyyətin aradan qaldırılması üçün ambulator-poliklinik tibb müəssisələrində ilkin tibbi-sanitariya yardımının gücləndirilməsi üçün zəruri addımların atılması təklif olunub. Təkliflərin əsas məqsədi vətəndaşlara yaşadıqları yer üzrə ilkin tibbi-sanitariya yardımını və ambulator tibbi xidmətləri əlçatan etməkdir.
Qeyd edək ki, ötən ilin oktyabr ayında başlanılan monitorinqlər artıq Bakı şəhərinin 1, 5, 6, 8, 9, 12, 17, 19, 24, 25 və 26 saylı şəhər poliklinikaları, 7, 12, 13, 20 saylı uşaq poliklinikaları, Kliniki Tibbi Mərkəz, Akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Mərkəzi Neftçilər Xəstəxanasını əhatə edib.