İmprotex Şirkətlər Qrupu Qarabağda yeni sənaye kompleksinin təməlini qoydu

İmprotex Şirkətlər Qrupu artıq 32 ildir ki, Azərbaycanda biznesin müxtəlif seqmentlərində uğurla fəaliyyət göstərir. Qrupa daxil olan müxtəlif yönlü şirkətlər minik və yük avtomobilləri, ağır inşaat texnikaları, kənd təsərrüfatı yönümlü texnika və avadanlıqları üzrə dünyanın lider brendlərini təmsil edirlər. Bunların arasında BMW, Rolls-Royce, Mini, MAN, Bobcat, Sumitomo, Mitsubishi, JAC, Ziegler, FAUN, Massey Ferguson, Celli, Great Plains və sair brendlərin adını sadalamaq olar.
Fəaliyyət dövrü ərzində avtomobil və texnika sənayesi üzrə bir çox dəyərli bilik və təcrübələrə yiyələnən və həmin sənaye üzrə məhsulların istehsalını qarşısında məqsəd qoyan Qrup 2013-cü ildə İmprotex İndustries zavodunun fəaliyyətini başlatmışdır. Zavodda ilk olaraq dünyaca məşhur LOHR şirkəti ilə birgə əməkdaşlıq nəticəsində yük avtomobilləri üçün müxtəlif tipli üst qurğularının istehsalına başlanılmışdır. Bu qurğular arasında özüboşaldanlar, betonqarışdıranlar, müxtəlif mayelər üçün çənləri qeyd etmək olar.
2019-cu ildən etibarən zavod kommunal tipli texnikalar, həmçinin, yanğınsöndürən texnikaların istehsalına başlamışdır. Kommunal texnikalar üzrə dünyaca məşhur FAUN brendinin təcrübəsi əsasında müxtəlif cür tullantı daşıyan üst qurğuları və onların komponentləri istehsal edilmişdir. Hal-hazırda zavodun istehsal etdiyi kommunal tipli texnikalar Qarabağ bölgəsində, Gəncə şəhərində fəaliyyət göstərməkdədir. Bununla yanaşı yanğınsöndürən texnikaların məşhur istehsalçıları olan Ziegler və Rosenbauer brendlərinin təcrübələri əsasında müxtəlif tipli yanğınsöndürən texnikalar istesal edilmişdir. Bu texnikalar Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin müvafiq ekspertləri tərəfindən sınaqdan keçirilmiş və ekspertlərin rəğbətini qazanmışdır. Yanğınsöndürən texnikalar həm yerli, həm də xarici tələbatı ödəməyi özü üçün hədəf seçmişdir.
İşğaldan azad edilmiş torpaqlarımızda aparılan mina və partlamamış sursatların təmizlənməsi işlərində minatəmizləyən texnikalara olan tələbat ilə bağlı olaraq 2021-ci ildən etibarən zavod piyada və tank əleyhinə minaların təmizlənməsi üçün texnikaların istehsalına başlamışdır. Bəhs edilən texnikaların istehsalı bu sahə üzrə böyük təcrübəyə malik şirkətlərin texnologiyalarına əsaslanmışdır. Bəhs edilən texnikalar ANAMA tərəfindən sınaq edilmiş və özünü sübuta yetirmişdir. Qarabağ bölgəsində 30 ilə yaxın işğal müddəti ərzində külli miqdarda mina və partlamamış sursat basdırılmışdır. Bu səbəblə zavod istehsal etdiyi minatəmizləyən texnikalar ilə ilk növbədə ölkə daxilində olan tələbatı mümükün olan ən yüksək səviyyədə təmin etməyi planlaşdırır. Gələcək plan isə bu tip texnikaları xarici ölkələrə ixrac etməkdir.
Sirr deyil ki, son illər ərzində ölkədaxili və beynəlxalq daşımalarda nəzərə çarpacaq dərəcədə artım olmuşdur. Bu da öz növbəsində daşımaçılıqda istifadə olunan nəqliyyat vasitələrinə olan tələbatı əhəmiyyətli dərəcədə artırmışdır. Bu tendensiyanı yaxından izləyən İmprotex Şirkətlər Qrupu İmprotex İndustries zavodunda müxtəlif tipli qoşqu və yarımqoşquların istehsalına başlamışdır. Bugün İmprotex İndustries “İmtrailer” brendi ilə istehsal etdiyi və bütün lazımi standartlara cavab verən qoşqu və yarımqoşquları nəinki yerli, hətta xarici bazarda da marağa səbəb olmuşdur. Xüsusən də beynəlxalq daşımaların son ildə daha da artması tələbin səviyyəsini təklifin səviyyəsində xeyli qaldırmışdır. Bununla əlaqədar olaraq bu məhsullar beynəlxalq daşımalarda fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin xüsusilə xarici müştərilərin artan tələbini təmin etmək üçün nəzərdə tutulmuşdur.
İstehsal etdiyi məhsullara olan tələbatın artması və həmçinin Qarabağ bölgəsinin dirçəlişinə öz töhfəsini vermək məqsədilə İmprotex Şirkətlər Qrupu “Araz Vadisi” azad iqtisadi zonasında bugün “İmprotex Qarabağ Sənaye Kompleksi”-nin təməlini qoymuşdur.
“İmprotex Qarabağ Sənaye Kompleksi” MMC tərəfindən Sənaye Parkının 5 hektar ərazisində investisiya həcmi 7,4 milyon manat olan layihə çərçivəsində mərhələli şəkildə xüsusi təyinatlı texnika və metal məmulatları istehsalı nəzərdə tutulur. Layihənin həyata keçirilməsi ilə 120-dən çox iş yeri yaradılacaq.
Müəssisədə ildə 100 ədəd mexaniki minatəmizləyən, 100 ədəd yanğınsöndürən, 100 ədəd xüsusi zirehli texnika və 300 ədəd tentli yarımqoşqu istehsal olunacaqdır. İstehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, Xəzəryanı və Şərqi Avropa ölkələrinə ixracı da planlaşdırılır.
Prezident İlham Əliyevin uğurlu islahatları sayəsində günbəgün yeni uğurlara imza atan Azərbaycan iqtisadiyyatı ölkə daxilində həm yeni biznes subyektlərinin yaranmasına, həm də, mövcud bütün iri və xırda bizneslərin daha inkişaf etməsinə şərait yaradır.
İqtisadiyyat Nazirliyi, həmçinin onun sturkturuna daxil olan KOBİA, AZPROMO, İqtisadi Zonaların İnkişafı Agentliyi kimi qurumlar atdığı hər addımda iqtisadiyyatımızın inkişafına töhfə verməyi özünə məqsəd seçmiş olan bizləri həmişə dəstəkləyirlər. Adı çəkilən qurumlar fəaliyyətimizi və məhsullarımızı istər ölkə daxilində, istərsə də ölkə xaricində aktiv şəkildə təbliğ edir, həmçinin,yeni təməli qoyulan sənaye kompleksimizin qurulması və inkişafına əvəzsiz yardımlarını əsirgəmirlər.
İmprotex Qrup ailəsi olaraq bu əlamətdar gündə yanımızda olan və bizə dəstək olan hər kəsə təşəkkürümüzü bildiririk.