Oksford Universitetində “Gənc Yazarlar” layihəsinin təqdimatı keçirilib - FOTO
“CARE Group” və “Teach For Azerbaijan” şirkətləri 85 ölkədən olan liderləri araya gətirən “World Literacy Summit 2023”də təmsil olunublar.
Şirkətlər uşaqlarda savadlılıq və psixi sağlamlıq problemləri ilə mübarizə aparmaq məqsədilə təsis edilmiş, Azərbaycanda icma müdaxiləsi proqramı çərçivəsində seçilmiş “Gənc Yazarlar” layihəsini dünyanın aparıcı ali təhsil ocaqlarından olan Oksford universitetində təqdim ediblər.
Tədbirdə çıxış edən “CARE Group” şirkətinin baş direktoru Elnarə Şahbazzadə və “Teach For Azerbaijan”-nın baş direktoru Fidan Abdullayeva layihə barədə məlumat veriblər. Bildirilib ki, layihə uşaqların bacarıq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirə və özünü effektiv şəkildə ifadə etməyi öyrədə biləcəyi inklüziv mühit yaradacaq. Uşaqlar yazılar, hekayələr və özünü ifadə etməyin digər formaları vasitəsilə həyatda uğur qazanmaq üçün lazım olan bacarıq və inamı inkişaf etdirə biləcəklər.
Qeyd edək ki, “Gənc yazarlar” layihəsi 2016-ci ildə çətin vəziyyətdə yaşayan ailələrdən olan və valideyn himayəsindən məhrum olmuş uşaqların öz nağıllarını bir araya gətirməklə ərsəyə gəlib. Layihədə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, İordaniya, Hindistan, Vyetnam və Keniyadan 1000-ə yaxın uşaq iştirak edib. 500-dən çox nağıl yazılıb, nəticədə bütün nağıllar “Gənc Yazarlar” kitablarında çap olunub.
“Gənc Yazarlar” layihəsi artıq Azərbaycanda yaşayan bütün 6-14 yaş arası uşaqlar üçün fəaliyyətə başlayıb. Layihədə iştirak etmək üçün əlaqə nömrələri: +99450 315 34 12 və +99450 233 00 68.
Reklam hüququnda