Peşə təhsili müəssisələrinin məzunları arasında işləyənlərin payı 35% təşkil edib

2022-ci ilin əvvəli tarixinə peşə təhsil müəssisələrinin məzunlarının 2020-ci il üzrə 35%-i (4364 nəfəri), 2021-ci il üzrə isə 34%-i (3855 nəfəri) işləyən şəxslərdən ibarət olub.
1news.az APA-ya istinadla xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi jurnalı"nda bildirilib.
Qeyd edək ki, bəzi ixtisaslar üzrə (“Toxucu”, “Vaqon baxıcısı-təmirçisi”, “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer”, “Heyvanlarda süni mayalanma üzrə texnik”) məzunlar arasında işləyənlərin payı 10% və daha aşağı olmuşdur. Seçmə qaydada bəzi ixtisaslara baxılmaqla aparılan təhlillər işləyən məzunların 21,2%-nin öz ixtisasına uyğun vəzifələrdə çalışdığını göstərib.
Məzunların əksər hissəsi satıcı, fəhlə, ofisiant və aşpaz vəzifələrində çalışıb. Əməkhaqları ixtisaslar üzrə fərqlənmiş, bəzi ixtisaslar üzrə aylıq əməkhaqqı 1500,0 manat və yuxarı olduğu halda, bəziləri üzrə müvafiq ilin minimum əməkhaqqı məbləği qədər olub.