Bayram günləri Ağstafa və Qəbələ istiqamətində əlavə qatarlar xəttə buraxılacaq
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Ağstafa-Bakı istiqamətində iyunun 26, 27, 28, 29, 30-da və 1, 2-də iyul tarixlərinə əlavə qatar reysləri təyin edib.
QSC-dən 1news.az-a bildirilib ki, müvafiq tarixlərdə Bakı Dəmiryol Vağzalından saat 08:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də, Ağstafa-Bakı istiqaməti üzrə Ağstafadan saat 16:00-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:55-də çatacaq.
Xatırladaq ki, iyulun 3-dən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə sürətli sərnişin qatarları yeni hərəkət qrafikinə uyğun hərəkət edəcək. Belə ki, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar mənzilbaşına saat 13:42-də çatacaq. Əks istiqamətdə saat 18:15-də Ağstafadan yola düşən qatar isə saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.
Bununla yanaşı, bayram günlərində Bakı-Qəbələ-Bakı istiqaməti üzrə ümumilikdə 10 əlavə qatar reysi təyin edilib. İyunun 26, 27, 28, 29 və 30-da Bakı-Qəbələ-Bakı istiqamətlərində əlavə reys üzrə Bakı Dəmiryol Vağzalından saat 07:30-da yola düşən sürətli sərnişin qatar Qəbələyə saat 10:50-də, əks istiqamətdə saat 19:30-da Qəbələ Dəmiryol Vağzalından yola düşən qatar isə mənzil başına saat 22:50-də çatacaq.
Qeyd edək ki, 26 iyun – 2 iyul tarixlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun ənənəvi qaydada hərəkətdə olacaq.