ADA Universitetində Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib - FOTO
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD), ADA Universiteti Fondunun (Azərbaycan), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “BP Azerbaijan”, “Kolin”, “Мasdar” və “TotalEnergies” şirkətlərinin birgə təşkilatçılığı ilə 17-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib.
1news.az xəbər verir ki, açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Energetika nazirinin müavini Elnur Soltanov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və başqaları iştirak edib.
Azərbaycan Energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, ADA Universiteti yaranandan etibarən ən ciddi proqramlardan biri Yay Enerji Məktəbi idi, daha sonra institutlaşaraq Bakı Yay Enerji Məktəbi adı altında keçirilməyə başlanıldı.
“Biz sadəcə olaraq neft və enerji məhsulları istehsal etmirik, eyni zamanda bu sahədə olan, bəlkə də dünyada heç bir ölkə ilə müqayisə olunmayacaq dərəcədə zəngin biliklərimizlə dünya elminə öz töhfələrimizi veririk. Bu il 55-dən çox iştirakçı var, təqribən 15 ölkədən nümayəndələrdi. Bu tələbələr özləri istəyərək, ödəniş haqqını verərək gəlirlər Azərbaycana. Proqram Azərbaycan tərəfindən maliyyələşdirilən proqram deyil”.