Horadizdən Ağalıya marşrut xətti açılacaq
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı Bakı-Xudat və Bakı-Şabran şəhərlərarası, Horadiz şəhəri (Füzuli)-Ağalı kəndi (Zəngilan) rayonlararası, Tərtər şəhəri-Talış kəndi rayondaxili, Abşeron rayonunun Görədil qəsəbəsi-Xırdalan şəhəri 592 və Güzdək qəsəbəsi-Bakı şəhəri 553 nömrəli müntəzəm avtobus marşrutları üzrə müsabiqəni avqust ayında keçirəcək.
1news AYNA-nın yaydığı məlumata istinadən xəbər verir ki, iddiaçıların təklifləri komissiya tərəfindən 592 nömrəli (Görədil-Xırdalan-Görədil) və 553 nömrəli (Güzdək-BBAK-Güzdək) marşrut xətləri üzrə avqustun 3-də müsabiqə keçirilən zaman açıqlanacaq.
“Tərtər-Talış-Tərtər”, “Horadiz-Ağalı-Horadiz”, “Xudat-Bakı-Xudat”, “Şabran-Bakı-Şabran” müntəzəm avtobus marşrutlarının müvafiq reysləri üzrə müsabiqə isə avqustun 4-də keçirəcək. İddiaçıların təklifləri komissiya tərəfindən 5 Lot üzrə müsabiqə keçirilən zaman açıqlanacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.