Klassik avtomobillərin yürüşünə qeydiyyat başlayır
Klassik avtomobil həvəskarlarını gözəl hədiyyə gözləyir: növbəti dəfə paytaxt küçələrini müxtəlif illərdə və ölkələrdə istehsal olunan klassik avtomobil karvanı bəzəyəcək.
1news.az xəbər verir ki, avqustun 26-da Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək.
Artıq ənənə halını almış yürüş bu il fərqli formatda təşkil olunacaq. Avqustun 26-da Heydər Əliyev Mərkəzindən start götürəcək klassik avtomobillər “Sea Breeze” istirahət mərkəzinədək yürüş edəcəklər. “Sea Breeze” ərazisində isə avtomobillərin sərgisi və retro tərzdə konsert olacaq. Əyləncə proqramında viktorinalar keçiriləcək, müxtəlif nominasiyalarda hədiyyələr veriləcək.
Tədbirin ikinci günü – avqustun 27-də klassik avtomobillərin sərgisi və əyləncə proqramı davam edəcək.
Yürüşdə iştirak üçün 1983-cü ilədək istehsal olunan klassik avtomobillər 10 avqust 2023-cü il tarixinədək qeydiyyatdan keçə bilər. Avtomobillərin qeydiyyatı AAF-ın elektron ünvanı [email protected] və ya (+99450) 295 01 00 nömrəsinə müraciətlə aparılır.