“Məktəbdə olan savadsız müəllim cəmiyyətimizin problemidir, təkcə mənim problemim deyil”
“Adam vaxtında saxta diplom alıb, öz fənnini bilmir və 15-20 ildir ki, dərs deyir”.
1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.
“Biz o insana hələ də mərhəmət göstərmək istəyirik. Mən necə mərhəmət göstərərəm, bilmirəm. Əgər bu məsələyə “bizim işimiz deyil, ancaq Təhsil Nazirliyinin işidir” kimi baxsanız, bizdə heç nə alınmayacaq. Bu bizim hamımızın işidir. Məktəbdə olan savadsız müəllim cəmiyyətimizin problemidir, təkcə mənim problemim deyil.
Saatsız adamın məktəbdə işi yoxdur. Məsələ bu qədər sadədir. Ona hansı güzəşt edə bilərik? Bunu sonra oturub fikirləşmək lazımdır. Bununla bağlı bəlli planlarımız var.
Mənim əsas məqsədim odur ki, bu adamlar tədris etməsinlər. İki dəfə dalbadal sertifikasiyadan keçməyən adamın uşağa tədris etməyə mənəvi haqqı yoxdur. Bizim də nazirlik olaraq mənəvi haqqımız yoxdur ki, imkan verək ki, o uşaqlara dərs desin. O adam yazığımız gəlməlidir? Mənim uşaqlara daha çox yazığım gəlir, nəinki həmin adama”.