Mingəçevir SES-də yanğın-taktiki təlim keçirilib - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir Su Elektrik Stansiyasında (SES) “Strateji əhəmiyyət kəsb edən obyektlərdə mümkün yanğın hadisəsinin söndürülməsi və insanların təxliyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.
Bu barədə 1news.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Təlimin keçirilməsində əsas məqsəd Mingəçevir SES-də yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlimə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin 68 nömrəli Yanğından Mühafizə Hissəsi və 143 nömrəli Yanğından Mühafizə Bölməsinin qüvvə və vasitələri cəlb olunub.
Təlim zamanı FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş şərti yanğın barədə məlumat əsasında “hadisə yerinə” operativ çatan yanğından mühafizə bölmələri obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.
"Uğurla reallaşdırılmış təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib", - məlumatda qeyd olunub.