Qənirə Ataşova: “Natəvan dərdini özü çəkirdi, problemini şoulaşdırmadı”
"Natəvan çox abırlı adam idi. Dərdini özü çəkirdi, problemini şoulaşdırmadı".
1news.az xəbər verir ki, bu sözləri Amerikada yaşayan aparıcı Qənirə Ataşova onkoloji xəstəlikdən dünyasını dəyişən Natəvan Babayeva haqqında yazarkən bildirib:
"Amma köməyə ehtiyacı var idi. AZTV-dən aldığı 1000 manatı səhhətinə xərcləyirdi. Amma hər birimiz bilirik, bu məbləğ xərcəng xəstəliyi üçün müalicədə yetərsiz idi. Onu Bakıda Toma adlı bir həkim əməliyyat etmişdi. Əməliyyatdan sonra bədənində səpkilər yarandı. 7 ay həmin həkim səpkilərə allergiya deyib müalicə etdi. Onun getdiyi allergoloq 3 dəfə Natəvana səndəki problem onkolojidir dedi. Onkoloq xanım isə Natəvana əksini dedi. Beləcə Natəvan Türkiyəyə dünyaca tanınmış onkoloq Gül Başaranın yanına getdi. Professor ona bu səpkilər metastazdır dedi. Acı Badəm xəstəxanasında müalicə almaq üçün ölkədə müraciət etmədiyimiz instansiya qalmadı. Amma səsinə səs verən olmadı. Bu barədə Mübariz Məsimova xəbər tutdu. Həmişə olduğu kimi, Mübariz Məsimov bu dəfə də sadə azərbaycanlının köməyinə gəldi. Natəvan xanımım müalicə xərclərini ödədi. İgidin haqqını itirmək olmaz. Mübariz Məsimova Natəvanın ailəsi və dostları adından minnətdarlığımı bildirirəm. Amma aqressiv irəlləyən xəstəlik onu bizdən aldı" - deyə, o, əlavə edib.