9 il əvvəl sərhədin “şəffaf” olması ilə bağlı Kiyevə təzyiq etməyənlər, indi niyə Bakıya təzyiq edir? | 1news.az | Xəbərlər
Cəmiyyət

9 il əvvəl sərhədin “şəffaf” olması ilə bağlı Kiyevə təzyiq etməyənlər, indi niyə Bakıya təzyiq edir?

11:35 - 07 / 08 / 2023
9 il əvvəl sərhədin “şəffaf” olması ilə bağlı Kiyevə təzyiq etməyənlər, indi niyə Bakıya təzyiq edir?

Qarabağ ermənilərinin vəziyyəti ətrafında manipulyasiyalar heç bir halda qəbul olunmur. Çünki Qarabağ Azərbaycan ərazisidir və burada yaşayan erməni əsilli sakinlər də Azərbaycan vətəndaşlarıdır. Ermənistan başda olmaqla heç bir ölkə və ya təşkilat burada baş verənlərlə bağlı Azərbaycanın standarlarından kənar qərar verə bilməz. Ermənistan rəsmi Bakının razılığı olmadan Azərbaycan ərazisinə mənşəyi bəlli olmayan “humanitar yüklər” göndərə bilməz.

Bu məsələyə beynəxlaq səviyyədə yanaşma da ədalətli olmalıdır. Necə ki, 9 il əvvəl Ukraynanın Donetsk və Luqansk vilayətlərinə Rusiya humanitar yardım karvanları göndərmək istəyəndə Qərb ölkələri, hətta BMT belə bunu Ukraynanın ərazi bütövlüyünə müdaxilə kimi qiymətləndirmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da ATƏT, Avropa Şurası, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və BMT-yə münaqişə zonasına beynəlxalq humanitar missiyanın təşkil edilməsinə dair rəsmi müraciət ünvanlayaraq bildirmişdi ki, Rusiya dəfələrlə Fövqəladə Hallar Nazirliyinin xətti ilə humanitar yardım karvanı göndərməyə cəhd göstərib, lakin buna hər dəfə Ukrayna hakimiyyəti tərəfindən imkan verilməyib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi ölkəsinin Rusiyanın Ukraynaya humanitar yardım çatdırmaqla bağlı birtərəfli addımını birbaşa işğal kimi qiymətləndirəcəyini anons etmişdi. O vaxtkı ATƏT sədri isə humanitar yardımın Ukraynanın ərazi bütövlüyünə hörmət edilmək şərti ilə çatdırılmasının vacibliyini qeyd etmişdi. Rəsmi Kiyev isə humanitar yardımın müstəsna olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsi və ya müvafiq beynəlxalq təşkilatların himayəsi altında çatdırılmasını, Rusiya hüquq-mühafizə orqanlarının heç bir müşayiəti olmadan həyata keçirilməsini şərt kimi irəli sürürdü.

Halbuki hakimiyyəti ələ keçirmiş kremlpərəst separatçılar “humanitar yardımı” qərbdən deyil, şərqdən, yəni Rusiyadan qəbul edəcəklərini bildirirdilər. Amma Qərb dövlətləri israrla Ukraynanın ədalətli mövqeyini, onun suverenliyini dəstəkləyərək, regional hakimiyyətləri Rusiyanın əvəzinə Ukraynanın mərkəzi hökumətindən yardım qəbul etməyə çağırdı. Bir dəfə də olsun Rusiya sərhədindən həmin ərazilərə keçidin nəzarətsiz olması və ümumiyyətlə, sərhədin “şəffaf” olması ilə bağlı Kiyevə təzyiq olmadı. Əksinə, Ukraynaya inteqrasiyanı əngəllədiyinə görə Rusiya ciddi tənqid olunurdu.

Yəni, bu gün Qarabağdakı situasiya 9 il əvvəl Ukraynanın Donetsk və Luqansk əyalətlərilə bağlı yaranmış vəziyyəti yada salır. Amma yanaşma fərqlidir. Təəssüf ki, həmişəki kimi, ikili standartlar özünü göstərməkdədir. Bu gün Azərbaycan da Ukraynanın 9 il əvvəl etdiyi kimi - xarici konvoyları öz regionuna yalnız lazım bildiyi marşrut üzrə buraxmağa hazırdır. Qarabağ ermənilərinə çatacaq “yardım” Azərbaycanın göstərəcəyi yol və milli qanunvericiliyə uyğun gömrük rəsmiləşdirilməsi vasitəsilə göndərilə bilər.

Paylaş:
251

Son xəbərlər

Bütün xəbərlər