Pavel Belorusskiy: “Dərs Evi şagirdləri uğur qazanmağa həvəsli, nizamlı və öz güclərinə arxayındırlar!” – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Pavel Belorusskiy: “Dərs Evi şagirdləri uğur qazanmağa həvəsli, nizamlı və öz güclərinə arxayındırlar!” – FOTO

14:50 - 18 / 08 / 2023
Pavel Belorusskiy: “Dərs Evi şagirdləri uğur qazanmağa həvəsli, nizamlı və öz güclərinə arxayındırlar!” – FOTO

Dərs Evi İnnovasiya Mərkəzi Azərbaycanın təhsil sferasında yeni trendə çevrilib. Aparıcı Qərb ekspertlərinin iştirakı ilə yaradılmış Mərkəz Azərbaycan təhsil proqramı ilə ali məktəblərə qəbula innovativ yanaşmanı özündə birləşdirir.

8 il ərzində Mərkəzdən 5184 abituriyent məzunu olub, onların 98 faizi ali məktəblərə uğurla qəbul olub. Onların bəziləri ali təhsil aldıqdan sonra Dərs Evinə artıq müəllim və ya əməkdaş qismində qayıdıblar.

Burada şagirdlərə ilk növbədə informasiyanın mənimsənilməsi və vaxtın idarə edilməsi vərdişləri, o cümlədən imtahan zamanı stresin öhdəsindən səmərəli şəkildə gəlmə üsulları öyrədilir, ixtisas seçimində onların istək və meylləri əsas götürülməklə, köməklik göstərilir və motivasiya verilir. Hər bir Dərs Evi müəllimi yeniyetmələr üçün rol modelə çevrilən dost və mentordur.

Pandemiya və qlobal böhranla bağlı dönüşlərdən sonra Mərkəz şagirdlərə yeni layihələr təqdim etməyə hazırlaşır. Bütün şəhəri əhatə edən filiallar, ölkənin hər yerindən olan şagirdlər üçün “qaynar xətt” və gələcəkdə hətta yeni məktəb və uşaq bağçasının açılışı nəzərdə tutulur. Mərkəzin təsisçisi Pavel Belorusskiy əmindir ki, onların komandası Azərbaycanda təhsil sisteminin təkmilləşdirilməsinə mühüm töhfə verə biləcək.

Dərs Evi pandemiyanı necə keçirdi?

Karantin rejimi dünyada demək olar ki, bütün biznes növlərinə ağır zərbə vurdu. Hər şey dəyişdi. İnsanların əhval-ruhiyyəsi də dəyişdi. Depressiv, panik, bikef oldu. Təbii ki, bu, istehlakçı davranışına güclü təsir göstərdi.

Əvvəlcə qərara gəldik ki, karantin rejimi üzərində uzun müdddət işlədiyimiz onlayn təhsilə təbii keçidə yaxşıca təkan verəcək. Artıq hazır onlayn məhsulumuz var idi. Və situasiya özü bütün dünyanı onlayn həyata keçməyə sövq etdi.

Həmin an biz şagirdlərimizə dəstək olmaq üçün ölkədə onlayn dərslərə ilk biz başladıq.

Amma hər şey planlaşdırıldığı kimi getmədi. Tək bizdə yox, hamıda. Təəssüf ki, bütün postsovet məkanındakı ümumtəhsil məktəblərində onlayn formata keçid uğursuz oldu. Məlum oldu ki, bir çox müəllimlər elementar olaraq internetdən istifadə etməyi bilmirlər. Məktəblərdə rəqəmsal materiallar yoxdur; iş adi dərsliklər və çap materialları ilə “köhnə üsulla” aparılır. Ən əsası isə, məktəb müəllimlərinin əksəriyyətinin şagirdlərin diqqətini internetdə saxlamaq bacarığı yoxdur. Uşaqlar üçün bir yerdə oturub diqqətini onlayn dərsə vermək çətindir.

Bundan əlavə, bir çox ailələrdə onlayn dərslər üçün məqbul mənzil şəraiti yox idi. Azərbaycanda uşaqların əksəriyyətinin təklikdə müəllimə qulaq asa biləcəyi ayrıca otağı yoxdur. Bundan əlavə, çoxuşaqlı ailələrdə hər uşağın fərdi kompüteri olmur. Olur ki, bütün ailə üçün bir kompüter var, amma hamının dərsi eyni vaxtda başlayır.

Nəticə etibarı ilə həmin ərəfədə evlərdə hər yaşdan uşaqlar, valideynlər, babalar, nənələr bir-birinə qarışmışdı... Hamı sözün əsl mənasında “bir-birinin üstündə oturmuşdu” və onlayn dərslər bu xaosu bir az da qıcıqlandırırdı. Bu, təbii ki, cəmiyyətdə neqativ münasibətə səbəb oldu və onlayn təhsilə keçidi sürətləndirmək əvəzinə, illərlə geriyə atdı.

Daha sonra Azərbaycana çoxdan gözlənilən qələbə və torpaqların azad edilməsini gətirən ikinci Qarabağ müharibəsi baş verdi. Müharibə təbii ki, təhsil sektoruna da təsir etdi. Yaşlı-kiçik hər bir ölkə sakininin bütün düşüncələrinin cəbhədə olması ilə yanaşı, çoxsaylı texniki çətinliklər də yaşanırdı. İnternetin kəsilməsi bütün onlayn tədris proseslərinin dayandırılmasına səbəb oldu.

Ümumiyyətlə, onlayn təhsilin gözlənilən yüksəlişi və çiçəklənməsi baş vermədi. Nəticədə, "onlayn təhsil" valideynlərdə xroniki sinir tiklərinin meydana gəlməsinə səbəb oldu. Stresin ümumi səviyyəsi və emosional fon sağlam deyildi.

Təbii ki, bu Dərs Evini də vurdu, baxmayaraq ki, dərslərmiz yağ kimi gedirdi. Müəllimlərimiz şagirdləri çox yaxşı motivasiya edə və maraqlı interaktiv dərslər keçə bilirlər.

Bundan əlavə, bəzi valideynlər həmin ərəfədə düşünməyə başladılar ki, onlayn dərslər oflayn rejimdə keçirilən dərslərdən daha ucuz olmalıdır. Baxmayaraq ki, xərclər qrafasında bizim üçün heç nə dəyişməmişdi: biz binaların kirayə haqqını və müəllimlərin əmək haqlarını vaxtında ödəyirdik. Yeri gəlmişkən, Mərkəzimizdə əmək haqqı ölkə üzrə orta statisik göstəricidən xeyli yüksəkdir.

O da məlum oldu ki, bəziləri üçün məktəblər və hazırlıq kursları təkcə öyrənmə vasitəsi deyil, həm də uşağı təhlükəsiz, idarə olunan mühitə yerləşdirərək ondan bir müddət “qurtulmaq” imkanıdır. Bu, maliyyə baxımından bizə ağır zərbə vurdu və bizi klassik tədris sxeminə qayıtmağa məcbur etdi.

Pandemiya zamanı Bakını özünüz tərk elədiniz?

İstəmədən. O vaxt 5 ildən artıq idi ki, ailəvi Bakıda yaşayırdıq. Pandemiyanın lap əvvəlində mən Moskvaya ezamiyyətə getdim. Yolda, görünür, virusa yoluxdum və qrip oldum. Standart simptomlara malik adi qrip, lakin o zaman bunu kimə sübut edə bilərdin? Artıq Moskvada oteldə karantin rejimində ola-ola bir xəbər proqramından öyrəndim ki, sabahdan karantin başlayır. Bu isə o deməkdir ki, təyyarələrin uçmasına cəmi bir gün qalıb. Aydındır ki, o vəziyyətdə məni heç yerə buraxmazdılar. Nəticədə həyat yoldaşım və qızım üçün Bakıdan Moskvaya cəmi bir-iki bilet tapdım. Karantinin gözlənilməz bir şey olduğunu başa düşdüm və haqlı idim. Təxminən yarım il davam elədi. Moskvada karantin başlayanda şəhərdə hərəkət etmək belə mümkün deyildi. Və mən və ailəm Moskvaətrafı bir qəsəbədə məskunlaşmağa məcbur olduq.

Pandemiya zamanı Dərs Evi həm də kadr dəyişikliyinə məruz qaldı. Şirkətimizin icraçı direktoru İnarə Vəliyeva Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yeni komandasına dəvət olundu. O, Dərs Evini tərk etmək məcburiyyətində qaldı və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə rəhbərlik etməyə başladı.

Bu Dərs Evi üçün böyük itki oldu. İnara şirkətimizin inkişafına çox vaxt və səy sərf etmişdi. O, gözəl insan və yüksək peşəkar menecerdir. Biz fəxr edirik ki, keçmiş həmkarımız indi belə yüksək vəzifə tutur və dövlətin inkişafı maraqlarına xidmət edir. Dərs Evinin inkişafına verdiyi töhfəyə görə ona dərindən minnətdarıq.

Pandemiyadan sonra fürsət yaranan kimi mən Bakıya qayıtdım və şirkəti fəal şəkildə bərpa etməyə başladım. Biz o zaman şirkətdə 7 il ərzində müəllim vəzifəsindən böyük hərflə top-menecer vəzifəsinə qədər yüksəlmiş Arzu Mürsəlovanın rəhbərlik etdiyi komanda ilə birlikdə vəziyyəti sabitləşdirdik və daxili təşkilati təkmilləşdirmələr apardıq. Biz strateji planlaşdırma, bazarın və müştəri ehtiyaclarının dərin təhlili, restrukturizasiya və s. daxil olmaqla, şirkətin təşkilati transformasiyası və bərpası üçün sistemli prosesə başladıq.

Müəyən bir nöqtədə anladıq ki, şirkətə yeni lider cəlb etməyin vaxtı çatıb. Və biz xoşbəxtik ki, bu yaxınlarda axtarışlarımız nəhayət uğurla başa çatdı. İyunun əvvəlindən Nigar Baimova Dərs Evi komandasına şirkətin Baş Direktoru kimi qoşulub.

Nigar xanım Azərbaycanda təhsil sahəsində böyük təcrübəyə malikdir. O, Ridinq Universitetini (Böyük Britaniya) fərqlənmə diplomu ilə bitirmiş və “Təhsil proseslərinin təşkili, planlaşdırılması və idarə edilməsi” üzrə magistr dərəcəsi almışdır. O, son 15 ildə British Council-da çalışıb, müxtəlif beynəlxalq təşkilatlarda təhsil sahəsində layihələrə rəhbərlik edib, həmçinin beynəlxalq təcrübənin Azərbaycanın təhsil sisteminə tətbiqi istiqamətində irimiqyaslı layihələrdə iştirak edib.

Nigar xanım yüksək enerjisi, ruh yüksəkliyi və təhsil sevgisi ilə fərqlənir. Və çox vacib məqam odur ki, onun dəyərləri Dərs Evi dəyərləri ilə uzlaşır.

Belə çıxır ki, Mərkəzə böyük dəyişikliklər gözlənilir?

Sözsüz! İndi şüarımız: Make Dərs Evi Great Again! Mərkəzin həyatındakı bu dövr mənə Stiv Cobsun Apple-a qayıtdığı anı xatırladır. Planlarımız da miqyasca oxşardır (gülür).

Dərs Evi komandası son dövrdə xeyli böyüyüb. Biz təkcə yerli deyil, xarici mütəxəssisləri də cəlb edirik. PR və marketinq, HR və maliyyə sahəsində yeni mütəxəssislərimiz var. Hazırda biz daha bir neçə nəfərlə danışıqlar prosesindəyik.

Dərs Evini özəl və dövlət qurumları ilə tərəfdaşlıq çərçivəsində təhsil layihələri üzrə laboratoriyaya çevirmək qərarına gəldik. 2024-2025-ci tədris ilində biz şəhərdə bir neçə yeni filial açacağıq. Gələcək planlarımıza, həmçinin məktəb və uşaq bağçasının açılışı daxildir. Beləliklə, biz indiki kimi 8-ci sinifdən deyil, artıq məktəbin ilk illərindən uşaqların təhsilinə töhfə verə biləcəyik. Bu, hər bir uşaq üçün son dərəcə vacibdir.

Siz Rusiya və ABŞ-da təhsil almısınız, Çikaqo Universitetində və UCLA-da dərs demisiniz. Azərbaycanda təhsilin hansı özünəməxsus xüsusiyyətini qeyd edə bilərsiniz?

Yetkinlik yaşına çatana qədər Moskvada 3 məktəb dəyişmişəm. Əvvəlcə evimin yaxınlığındakı adi məktəbə getmişəm, sonra bir az kənarda ingilis təmayüllü məktəbdə oxumuşam. Və son 2 sinfi isə çox yaxşı Moskva liseyində təhsil almışam. Bu lisey evdən uzaq idi, amma bunun elə bir əhəmiyyəti yox idi. Çünki bu 2 il mənim həyatımı dəyişdi. Kitablara, riyaziyyata, mədəniyyətə, həyatı dərk etməyə dair yeni maraqlarım yarandı. Müəllimlərimizlə yürüşlərə çıxırdıq, tamaşalar qoyurduq, bədii əsərləri təhlil edrdik. Yeni dostlar qazandım. Ümumiyyətlə, məni o məktəbə keçirdikləri üçün valideynlərimə çox minnətdaram.

8 il əvvəl Bakıya gələndə aydın oldu ki, orta təhsilin son 2 ilində orta məktəb şagirdləri ümumiyyətlə məktəbə getməməyə çalışırlar. Onların istənilən hava şəraitində, şəhərin bu başından o başına – həm məktəbə, həm də repetitorların yanına getməyə vaxtları, imtahan vermək üçün zəruri olan böyük həcmli informasiyanı əzbərləməyə imkanları olmur.

Nəticədə həmyaşıdları ilə xoş ünsiyyətdən məhrum olurlar, heç bir komanda işinə qoşulmur, ətrafdan dəstək almırlar. Yalnız stres, qaçhaqaç və əzbərçilik. Əslində, bir çox uşaqlar həyatlarının ən dəyərli illərini tam dərk etmədikləri bir məqsəd uğruna qurban verirlər.

İnsanlar adətən ömürlərini necə təsəvvür edirlər? Biz doğuluruq, sonra uşaq bağçasına, ibtidai məktəbə, orta məktəbə, sonra yuxarı siniflərə, universitetə ​​və... işə gedirik.

Elə gəlir ki, bunlar pillələrdir. Ancaq əslində, bu pillələr eyni dərəcədə həlledici deyillər. Çünki yuxarı siniflərdə ciddi təzyiqlərlə üzləşirik və gələcək həyatımızı həll edən ilk ciddi qərarları verməliyik. Bu, çox yüksək pillədir və yeniyetmələrin onu adlamaq üçün dəstəyə ehtiyacı var.

Kim olmaq istədiyini, kim ola biləcəyini başa düşməlisən. Valideynlərin sənin nələri etmənə icazə verəcək? Sənin kim olmanı istərdilər? İstəklərin və imkanların, valideynlərinin istək və imkanları və əmək bazarının dəyişən ehtiyacları arasında kompromis tapa bilirsənmi? Sonrakı təhsilin üçün hara gedə bilərsən? Hansı universitetə? Hansı ölkəyə? O ölkədə hansı universitetlər var? Ora təhlükəsizdirmi? Hansı imtahanları vermək lazımdır? Onlara necə hazırlaşmaq olar? Suallar çoxdur. Yeniyetmələrin isə onlara cavab vermək və qarşıya qoyulan məqsədə çatmaq üçün cəmi 2-3 ili var.

Azərbaycan məktəblilərinin üzləşdiyi çətinlikləri öyrənəndə düşündüm: orta məktəbdə oxuduğum o son iki ili silsəm, həyatım necə olardı? Məsələn, mən onlar kimi əzbərçilik edərdim. Bu dəhşətli olardı.

Azərbaycanlı yuxarı sinif şagirdlərinin ali məktəbə qəbul imtahanlarına səmərəli hazırlaşmaları, eyni zamanda öz həmyaşıdlarının, müəllimlərinin və kuratorlarının hərtərəfli dəstəyini hiss edə biləcəkləri tam yararlı mühit yaratmaq üçün biz tədris laboratoriyası qurmaq qərarına gəldik. Bu, bütün bu sadalanan problemləri həll etməyə kömək edən və bir dam altında fəaliyyət göstərən müxtəlif layihələrdir. Valideynlərlə ayrıca işləyirik, onlara övladlarını anlamağa kömək edirik, onlara bir-birini dəstəkləməyi öyrədirik. Uşaqlar üçün proqramlarımız var: özünü necə anlamalı və necə peşə seçməli, imtahana necə hazırlaşmalı, vaxtını necə idarə etməli, stresin öhdəsindən necə gəlməli?..

Bütün bu məsələlərdə isə məktəblilərə şəxsi kuratorlar kömək edir. Onlar kimdir? Bunlar şagirdlər, müəllimlər və valideynlər arasında vasitəçilik edən təhsil sahəsi üzrə mütəxəssislərdir. Onlar hər zaman öz peşə təcrübələrini şagirdlərlə bölüşməyə, dəstək olmağa, məsləhətlər verməyə, məqsədə çatmağa kömək etməyə, istənilən suala cavab tapmağa hazırdırlar. İl ərzində onlar şagirdlər üçün mentora və dosta çevrilirlər. Hər şey bu mürəkkəb pilləni fəth etməyə – yetkin insan həyatına addımlamağa yönəlib.

Bizim təhsilə yanaşmamız Azərbaycanda qəbul edilən münasibətdən köklü şəkildə fərqlənir. Və o, artıq öz dəyərini sübut edib. 8 il ərzində 5184 abituriyent Dərs Evi mərkəzinin məzunu olub, onların 98%-i ali məktəblərə uğurla daxil olub.

Şagirdlərimizin və onların valideynlərinin müsbət rəyi bizim vizit kartımızdır. “Övladım onunla bərabərhüquqlu insan kimi ünsiyyətə öyrəşib, öyrəşib ki, onu məcbur etmirlər, marağını cəlb edirlər. İllərdir Dərs Evində olmağımızın əsas səbəbi də budur”. “Məktəbdəki çətinliklərlə müqayisə Dərs Evi ilə keçən iki il mənim üçün bir nəfəslik oldu. Hər dəfə Elmlər Akademiyası filialının yanından keçəndə bütün müəllimləri, menecerləri mehribanlıqla və sonsuz minnətdarlıqla xatırlayıram”.

Minlərlə belə rəylər var və onlar bizi fəaliyyətimizi genişləndirməyə sövq edir ki, mümkün qədər çox yeniyetmə məktəb illərini sevinclə xatırlasın.

Dərs Evində bu qədər yüksək qəbul faizinin səbəbi nədir?

Birincisi, innovativ Qərb tədris metodu.

Hər bir orta məktəb şagirdinin qarşısında duran əsas vəzifə buraxılış və qəbul imtahanlarından səmərəli şəkildə keçməkdir. Və sirr budur ki, imtahandan keçmək özü bir bacarıqdır!

Azərbaycanda bir çox orta məktəb şagirdi təhsillərinin son illərini ənənəvi olaraq repetitorların yanına gedirlər, sonu gəlməyən əzbərçiliklə məşğul olur və daima stres keçirirlər.

Əksinə, biz qəti şəkildə inanırıq ki, ilkin mərhələdə şagirdin öyrənmə qabiliyyətini formalaşdırmaq lazımdır. Müəllimlərimiz və kuratorlarımız yeniyetmə psixologiyasını çox dərindən bilirlər. Aydındır ki, yeniyetməni nəyisə effektiv şəkildə yerinə yetirməyə məcbur etmək çox çətindir. Şagird damların üstündə qaçan üsyankar ruhlu deyil, üzüyola olsa belə, onu dərsliklə oturmağa məcbur etmək olar. Amma bu oturmağın nə mənası var? Axı, ona lazımdır ki, bu vaxtı materialı öyrənməyə sərf eləsin!

Valideynlər tez-tez soruşurlar ki, imtahana hazırlaşmağa hansı sinifdən başlamaq lazımdır. Dərs Evidə bu proses 8-ci sinifdən başlayır. Birincisi, şagirdlərimiz buraxılış imtahanlarını verməli olduqları bir neçə fənn üzrə hazırlaşırlar – bunlar iki və ya üç dil (sektordan asılı olaraq) və riyaziyyatdır. Ancaq bununla paralel olaraq biz onlarda öyrənmə bacarığını, motivasiyanı inkişaf etdiririk. Müəllimlərimiz şagirdlər üçün mentor və rol model olurlar. Bunun nəticəsidir ki, yeniyetmələr qəbul imtahanına sakit, özgüvənlə yanaşırlar. Onların bir çox sinif yoldaşları bütün gününü dərslik oxumaqla keçirir, yuxusuzluqdan gözlərinin altı qaralmış vəziyyətdə gəzirlər.

Sirr isə çox bəsitdir. Yeniyetmələrin çoxu vaxtlarını boş yerə sərf edir, səmərəsiz keçirirlər. Onların sadəcə meta-bacarıqları yoxdur. Bu fənn üzrə biliklər deyil. Bunlar məhz meta-bacarıqlardır: necə oxumalı, ev tapşırığını necə etməli, nəyə diqqət etməli, vaxtı necə idarə etməli.

Jurnalist və sosioloq Malkolm Qladvell bir çox əfsanəvi şəxsiyyətlərin və şirkətlərin uğur hekayələrini öyrəndikdən sonra “10.000 saat qaydası”nı tərtib etdi: “Hansı sahədə olmasından asılı olmayaraq, ustad səviyyəsinə çatmaq üçün 10.000 saat təcrübə lazımdır”. Buna görə də, öyrənmənin çox hissəsi, istənilən halda, müstəqil olmalıdır. İmtahanda isə şagird tapşırıqlarla təkbaşına qalır. Onları yerinə yetirmək üçün onun bacarığı olmalıdır.

Dərs Evində ilk təlimlərdən biri ev tapşırığıdır. Şagirdin təkbaşına kitaba sərf etdiyi saatların boşa getməməsi çox vacibdir. Yəni onu ilk öncə motivasiya edib ruhlandırmaqla yanaşı, vaxtını səmərəli keçirməyi də öyrədirik.

Maksimum nəticə əldə etmək istəyiriksə, həm sinifdə, həm də evdə sərf olunan vaxtın faydalı iş əmsalını optimallaşdırmalıyıq. Bunun üçün sinifdə əlimizdən gələni edirik və onları evdə, təkbaşına effektiv şəkildə öyrənməyə ruhlandırmaq üçün mövcud bütün motivasiya vasitələrindən istifadə edirik.

İngilislərin dediyi kimi, Success is 10 percent inspiration and 90 percent perspiration (“Uğur 10 faiz ilham, 90 faiz isə alın təridir”). Və yeniyetmənin vaxtının 90%-ni tər, qan və göz yaşlarına sərf etməyə hazır olması üçün onu motivasiya edən 10%-ə sahib olması lazımdır. Dəyənəklə öyrənmək səmərəsiz vasitədir. Ən yaxşı halda, şagird məlumatı əzbərləyəcək, öyrənmə prosesinin özünə nifrət edəcək və ali məktəbə daxil olduqdan sonra hər şeyi dərhal unudacaq. Ən pis halda isə vaxtaşırı kriminal xəbər xronikasında gördüyümüz və bizi dərindən kədərləndirən hadisələr baş verir. Bir gəncin ömrü bitəndən sonra bu bədnam 700 bal kimə lazımdır? Ümumilikdə 700 bal uğrunda gedən yarış tamamilə mənasızdır. Çalışmalıyıq ki, şagird 700 yox, özünün seçdiyi fakültəyə qəbul olmaq üçün zəruri olan balı toplasın.

Eyni şey Azərbaycan dili imtahanına aiddir. Bir çox istedadlı şagirdlər Azərbaycan dilindən biliyi imtahanından bal toplaya bilmədiklərinə görə qəbul imtahanında iştirak edə bilmirlər. Adi kurslarda sizə sadəcə olaraq Azərbaycan dili öyrədilir. Biz isə şagirdi bu imtahandan keçmək üçün tələb olunan 50 balı toplaya bilsin deyə hazırlayırıq. Bu, vaxta qənaət edir və lazımsız stresə səbəb olmur.

Yeri gəlmişkən, abituriyentlər balların böyük hissəsini məhz stres səbəbindən itirirlər. Və onun səviyyəsini azaltmaq üçün mütəxəssislərimiz stresli vəziyyətdə sakit qalmaq bacarığını öyrədirlər.

Dərs Evinin bütün metodologiyası onun üzərində qurulub ki, biz təkcə şagirdə lazımi məlumatları çatdırmaqla, imtahanlardan keçmə üsullarını öyrətməklə kifayətlənmirik, biz həm də şagirdin müstəqil şəkildə görməli olduğu iş üçün yanacaq veririk: ilham, enerji, ruh yüksəkliyi, motivasiya... Buna görə də Dərs Evi kuratorları hər bir şagirdimiz üçün fərdi təlim proqramı hazırlayır, onunla və valideynləri ilə daima əlaqə saxlayırlar.

Bundan əlavə, Mərkəzimizdə test imtahanlarının dərindən təhlilini aparan tədris materiallarının hazırlanma şöbəsi var. Biz DİM ilə daima əlaqə saxlayırıq, biz bu imtahanı detallı şəkildə tədqiq edir və nəticədə dəyişiklikləri onlar baş verməmişdən qabaq proqnozlaşdırırıq. Mütəxəssislərimiz digər ölkələrdə imtahanların keçirilməsi təcrübəsini öyrənir və onların inkişaf qanunlarını başa düşürlər.

Bunu Dərs Evində vaxtaşırı keçirilən sınaq imtahanları ən yaxşı şəkildə nümayiş etdirir. Sınaq imtahanları üçün testlər müəllimlərimiz tərəfindən tərtib edilir. Və adətən bizim imtahanlarda abituriyent sonradan qəbul imtahanında topladığı balı toplayır.

Nəticədə etibarilə, bizim metodologiyamız iki dayağa əsaslanır. Birinci dayaq – düzgün məzmun, daima təkmilləşdirdiyimiz öyrənmə materialıdır. Bura təkcə mühazirələr deyil, həm də müəllimin şəxsiyyəti, verdiyi ismarışlar daxildir. Hər şey ikinci sütunun qurulmasına – öyrənmə üçün lazım olan motivasiyanın yaradılmasına tabedir. Əgər yeniyetmənin həyatı öyrənməyə, oxumağa marağı varsa, hətta imtahandan kəsilmək belə onun məqsədinə çatmasına mane olmayacaq.

İmtahan idmançı üçün Olimpiada kimidir. İdmançı Olimpiadaya özünün mümkün ən yaxşı formasında çıxmalıdır. Və bunun üçün yaxşı fiziki göstəricilər kifayət deyil. Olimpiyaçının qələbəsi üçün bütün komanda çalışır: məşqçi, masajçı, həkim, psixoloq...

Şagird üçün qəbul imtahanı da olimpiadaya bənzəyir. Və burada da komanda işi vacibdir ki, şagird imtahana ən yaxşı formada çıxsın. Valideynlər və bütün ailə, müəllimlər və kuratorlar... Dərs Evinin bütün metodologiyası komanda işinə əsaslanır.

Təbii ki, əgər şagird imtahandan əvvəl psixi və fiziki sağlamlığını itirirsə, onun universitetə qəbul olması kimə lazımdır?

Tamamilə doğrudur. Çox vaxt valideynlər bizə şagirdi imtahana hazırladığımıza görə yox, onda oxumağa, təhsilə, nəticə əldə etməyə maraq oyatdığımıza görə təşəkkür edirlər.

Bir dəfə bir şagirdimizin anası dedi ki, biz onun təhsilə inamını bərpa etdik. Oğlu bizə gələndə gözləri sönük idi. Və onun nə iləsə maraqlana biləcəyinə heç bir inam yox idi. Konsultantlarımız əvvəlcə ona məqsədini müəyyən etməkdə kömək etdilər. Bunun üçün çox təsirli bir alətimiz var – "Peşə seçimi" kompüter testi. O, Moskva Dövlət Universitetində xüsusi laboratoriyada hazırlanıb və tərəfimizdən Azərbaycan reallığına uyğunlaşdırılıb.

Bu test nəticəsində yeniyetmənin potensialı, onun psixotipi və maraqları müəyyən edilir. Və sonra konsultant nəticələri şagird və onun valideynləri ilə müzakirə edir. Bəzən nəticələr valideynlərin sevimli övladı üçün nüfuzlu bir peşə seçmək və ya onu əcdadlarının yolu ilə göndərmək istəyi ilə uzlaşmır. Ancaq bu anda dayanmaq və uşağın özünün nə istədiyini başa düşmək çox vacibdir. Axı o, yalnız sevdiyi işlə məşğul olanda həm uğur qazanacaq, həm də xoşbəxt olacaq. Adətən konsultantlarımız valideynlərə və uşaqlara ortaq məxrəcə gəlməyə kömək edir və onların səylərini yeniyetmənin psixotipinə uyğun gələn və onun öz xoşuna gələn ixtisasa qəbul olmağa yönəldir. Uğurun açarı elə budur.

Məsələn, mən özüm 16 yaşımda Moskva Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil oldum. Riyaziyyatı öyrənmək istədiyimi dəqiq bilirdim. Ondan iki il əvvəl hətta xüsusi riyaziyyat təmayüllü məktəbə keçmişdim. Bəs neçə 14 yaşlı şagird nə etmək istədiyini dəqiq bilir? Sonra ABŞ-a getdim, Çikaqo Universitetində oxudum, uzun illər orada dərs dedim. Riyaziyyatda bir teorem və düstur mənim adımadır. Amma 28 yaşımda fəaliyyət sahəsini kökündən dəyişməyə qərar verdim. Mən sahibkar, Adizes İnstitutunun konsultantı oldum və əslində Rusiyada daha əvvəl qurduğum Maximum Education layihəsinin oxşarı olan Dərs Evi layihəsini yaratdım. Bu dünyada mümkünsüz heç nə yoxdur. İstəyirsənsə, hərəkətə keç.

Əsas odur ki, uşağınız sevdiyi işlə məşğul olsun və seçimində həmişə sərbəst olsun. Ona seçim azadlığı, motivasiya verin və məqsədlərinə gedən yolda dəstək olun.

Bəs uşaq hələ peşə seçiminə qərar verməyibsə, o zaman nə etməli? Ya da, qərar verib, amma Bakıda təhsil almaq üçün müvafiq fakültə yoxdur?

Konsultantlarımız yeniyetmələrə və onların valideynlərinə təkcə peşə seçimi, universitet seçimi üzrə deyil, həm də onların təhsil alacaqları ölkə seçimində belə köməklik göstərirlər.

Uşağın xaricdə təhsil almaqla məqsədlərinə daha effektiv nail olacağını anlayırıqsa, ona Get Education komandamızla əlaqə saxlamağı tövsiyə edirik.

Məsələn, Avropa universitetlərinə daxil olarkən abituriyent əvvəlcə ixtisas seçir. Amma ABŞ-da əvvəlcə daxil olur, bir çox sahələr üzrə təməl bilikləri alır və yalnız 2 illik təhsildən sonra ixtisas seçimi edir.

Ümumiyyətlə, xaricdə təhsil, universitetə ​​qəbul üçün hazırlıq prosesinin özü çox da ucuz başa gəlmir.

Əslində, hər şey abituriyentin istəyi və motivasiya dərəcəsindən asılıdır. Xarici universitetlər əcnəbi tələbələr üçün bir çox maraqlı imkanlar təqdim edir. Məsələn, İtaliyada pulsuz təhsil ala biləcəyinizi və hətta yaşayış üçün müavinət ala biləcəyinizi bilirdinizmi? Şübhəsiz ki, bu barədə yalnız mütəxəssislər bilir.

Get Education mövcud olduğu 4 il ərzində tələbələri üçün təqaüd qismində artıq bir milyondan artıq şərti vahid almağa müvəffəq olub. Şagirdlərimizdən biri Alabamada pulsuz təhsil alır. Təhsil haqqı çox vaxt valideynlərin Azərbaycan universitetlərində təhsil almaq üçün xərcləyəcəyi məbləğdən çox olmur.

Qəbula hazırlaşmağın qiyməti məsələsində biz də abituriyentlərimizin valideynlərinə kömək etməyə çalışırıq. Çalışqan tələbələri həvəsləndiririk. İki seçim imtahanımızda ən yüksək bal toplayan üç şagirdə 50% endirim etmişik.

Dərs Evinə bir ailədən bir neçə abituriyent gəldikdə 15%, I və II qrup əlilliyi olan və ya valideynlərdən biri vəfat etmiş ailələrə 10% endirim edirik. Şəhid övladlarını pulsuz hazırlayırıq və əlil ailələrinə 40%, 2-ci Qarabağ müharibəsi veteranlarının ailələrinə isə 20% endirim edirik.

Biz abituriyentlərimizi hədiyyələrlə həvəsləndirməyə çalışırıq. Hətta aksiya keçirmişdik, ən yaxşı şagirdimiz Ramin Allahverdiyev bizdən maşın qazanmışdı. Bunun bir yeniyetmə üçün nə demək olduğunu bilirsinizmi?

Bəli, həqiqətən də qürurvericidir – 18 yaşında öz bilikləri sayəsində avtomobil sahibi olmaq. Bəs Dərs Evində ən çox nə ilə fəxr edirsiniz?

Komanda ilə. Bizim unikal komandamız var. Bütün bu 8 il ərzində Dərs Evi insanlara və şirkətin mədəniyyətinə sərmayə qoyur. İnsanlar bizim şirkətdə işləmək istəyirlər. Əməkdaşlarımız burada işləməkdən zövq alır və başqa yerlərə gedərkən belə, öz bacarıqlarını və öyrəşdikləri mədəniyyəti özləri ilə aparırlar.

Dərs Evi unikal insanların unikal dəyərləri qoruduğu unikal məkandır.

Dərs Evi ilə *3377 və ya +994516333377 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər