İnzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə sentyabrın 17-də keçiriləcək test imtahanına qeydiyyat aparılır.
Bu barədə 1news.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı sentyabrın 14-ü saat 11:00-dək aparılacaq. Bu günə olan məlumata görə, 7 (AB - 1, AC - 6) namizəd qeydiyyatdan keçib.
İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında kompüter vasitəsilə keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə DİM-in saytında tanış olmaq olar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.