Suraxanıda sudan qanunsuz istifadə halları aşkarlanıb
Dövlət Su Ehtiyatları Agentliyinin Suraxanı rayonunda keçirdiyi nəzarət tədbirləri nəticəsində bir sıra obyektlərdə sudan qanunsuz istifadə halları aşkarlanıb.
Agentlikdən 1news.az-a bildirilib ki, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində fəaliyyət göstərən “Ömür” marketdə sudan qanunsuz istifadə faktı müəyyən olunub. Obyektin içməli su təchizatı sisteminə baxış keçirilərkən uçotdan yayınma halı aşkarlanıb.
Vurğulanıb ki, sahibkar texniki şərt almadan əhali qrupu abonenti üçün çəkilmiş su xəttindən istifadə edib. Sudan qanunsuz istifadə ilə bağlı oxşar vəziyyətə həmin küçədə yerləşən bir neçə obyektdə - “Oba” market və ərzaq məhsullarının satışı ilə məşğul olan digər obyektdə də rast gəlinib.
Həyata keçirilən nəzarət tədbirləri zamanı Zığ şosesində “Qum bazarı” kimi fəaliyyət göstərən obyektin də sudan qanunsuz istifadə etdiyi müəyyən olunub. Aşkarlanmış qeyri-qanuni birləşmələr qəza briqadası tərəfindən kəsilərək ləğv edilib.
Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə 10783, Suraxanı rayonunda isə 400 sudan qanunsuz istifadə halı aşkarlanıb, 100-ə yaxın fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.