Bu gün SSRİ Xalq artisti Firəngiz Əhmədovanın doğum günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün SSRİ Xalq artisti Firəngiz Əhmədovanın doğum günüdür

15:38 - 23 / 09 / 2023
Bu gün SSRİ Xalq artisti Firəngiz Əhmədovanın doğum günüdür

Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən olan Firəngiz Əhmədovanın milli musiqinin inkişafında mühüm xidmətləri vardır.

Özünün unikal tembrli, geniş diapazonlu, güclü və məlahətli səsi ilə seçilən sənətkar klassik opera səhnəmizin ilk qadın ifaçılarından biri idi. Onun yaradıcılığı yüksək ifaçılıq qabiliyyəti və orijinal aktyorluq məharəti ilə səciyyələnərək ölkəmizin vokal sənəti tarixində silinməz izlər qoyub. Firəngiz xanım opera səhnəmizdə Azərbaycan və dünya klassiklərinin şah əsərlərində aparıcı partiyaların mahir ifaçısı kimi şöhrət tapıb, musiqi salnaməmizə yeni parlaq səhifələr yazmağa müvəffəq olub.

1news.az xəbər verir ki, bu gün görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın anadan olmasının 95-ci ildönümü tamam olur.

Firəngiz Əhmədova 1928-ci il sentyabrın 23-də Bakı şəhərində anadan olub. Orta məktəbi başa vurduqdan sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyub. Sonralar o, təhsilini davam etdirərək 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, əmək fəaliyyətinə gənc yaşlarında ikən başlayıb. 1946-1951-ci illərdə Azərbaycan radiosu xorunun, 1951-1988-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, 1989-1997-ci illərdə isə həmin teatrda ustad dərslərini aparıb.

Lirik-dramatik soprano səs tembrinə malik müğənni Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Nigar, Müslüm Maqomayevin “Şah İsmayıl”ında Gülzar, “Nərgiz”də Nərgiz, Fikrət Əmirovun “Sevil”ində Sevil və başqa partiyaların mahir ifaçılarından olub.

Firəngiz Əhmədovanın yaratdığı və hər zaman dolğunluğu, yetkinliyi, təbiiliyi ilə seçilən obrazlar Azərbaycan mədəniyyətinin qızıl fonduna əbədi daxil olub. Opera sənətində yüksək uğurlar əldə edən Firəngiz xanım, həmçinin müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı olaraq da tanınıb. Onun Azərbaycan radiosu xorunun solistliyindən görkəmli opera müğənnisi səviyyəsinə qədər keçdiyi böyük yaradıcılıq yolu sənətə sonsuz sədaqət, vətənə və xalqa fədakar xidmət məktəbi olub. Milli vokal məktəbinin ənənələrini qoruyub saxlamaqla oynadığı rolların xüsusiyyətlərini dərindən duyması və onlara özünəməxsus tərzdə səhnə həyatı verməsi sayəsində Firəngiz xanım musiqisevərlərin rəğbət və məhəbbətini qazanıb.

Uzun illər ərzində Firəngiz Əhmədova dərin tarixi köklərə malik Azərbaycan ifaçılıq məktəbinin inkişafı naminə istedad və bacarığını əsirgəməyib. O, ölkəmizin hüdudlarından uzaqlarda dünyanın mötəbər konsert salonlarındakı çıxışları ilə Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. Həmçinin yaradıcılığı yeni sənətkarlar nəsli üçün daim örnək olub. Azərbaycan vokal ifaçılarının bütöv bir nəsli onun zəngin təcrübəsindən faydalanaraq opera sənətinin inkişafına öz töhfələrini verib.

Firəngiz Əhmədova ictimai xadim kimi də səmərəli fəaliyyət göstərib. O, 4-cü çağırış SSRİ Ali Sovetinə və 5-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib.

Ölkəmizdə opera sənətinin inkişafı sahəsində nailiyyətlərinə görə o, müxtəlif orden və medallara layiq görülüb, o cümlədən müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

Görkəmli opera müğənnisi Firəngiz Əhmədova 2011-ci il dekabrın 16-da ömrünün 84-cü ilində vəfat edib.

Paylaş:
335

Son xəbərlər

İlham Əliyev AAYDA-ya 1,7 milyon manat ayırdıBu gün, 12:50Sabah qar, yağış yağacaq - ProqnozBu gün, 12:44Prezident İlham Əliyev Gürcüstan parlamenti sədrini qəbul edib - FOTOBu gün, 12:33​ Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıbBu gün, 12:08Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi? – STM nəticələri açıqladıBu gün, 12:04Qızılca orqanizmdə hansı fəsadları yarada bilər? - İnfeksionist ilə MÜSAHİBƏBu gün, 11:48İstehlakçılara 11 ayda geri qaytarılan ƏDV məbləği açıqlandıBu gün, 11:35Bakıda Üzeyir Hacıbəyov küçəsində obyektdə yanğın olubBu gün, 11:25Azərbaycana idxal edilən körpə qidalarına dair yeni tələb müəyyənləşibBu gün, 11:09Bağçalarda işləyənlərin təhsili ilə bağlı yenilik - Nazir AÇIQLADIBu gün, 11:00Bakıda qanunsuz tikililər sökülüb - FOTO - VİDEOBu gün, 10:54Sosial sığorta haqlarının subsidiyalaşdırılacaq - Nazirlər Kabinetindən QƏRARBu gün, 10:49DTX-də müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılanlar hərbi qeydiyyata alınacaqlarBu gün, 10:33“Bakı İlahiyyat Kolleci” yaradılıbBu gün, 10:27Muxtar Babayev Dubayda Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini ilə görüşdüBu gün, 10:21Milli Məclisin deputatları Moskvada beynəlxalq konfransda iştirak edəcəklərBu gün, 10:15DİN ötən gün 62 nəfəri saxladı - SƏBƏBBu gün, 10:05Serbiya mediası Prezident İlham Əliyevin səfərini geniş işıqlandırıb - FOTOBu gün, 09:42Bakıda yanğın olub, zərərçəkən varBu gün, 09:38AMB bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:36
Bütün xəbərlər

Next TV