“Azərkosmos” və ISESCO Azərbaycanda kosmos sahəsində ilk investisiya layihəsini həyata keçirəcəklər
Bakıda “Azərkosmos”la İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) birgə bəyanat sənədi imzalanıb. Bu sənədə əsasən "Azərkosmos" və ISESCO Azərbaycanda kosmos sahəsində ilk investisiya layihəsini həyata keçirəcəklər.
1news.az xəbər verir ki, bu barədə oktyabrın 4-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin Sərgi pavilyonunda Azərkosmos sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Bayramov bildirib.
"Bu layihəyə turizm, kənd təsərrüfatı, ekologiya sahələri daxildir ki, burada innovasiyalar ərsəyə gətiriləcək. Əsas məqsəd bu sahədə ekosistemin inkişafıdır. Kosmik peyk xidmətlərini, peyk texnologiyalarını əlçatan etməkdir. Elmi cəmiyyətlərdə birgə fəaliyyət göstərmək və bunun müqabilində də yeni innovativ layihələri ortaya çıxarmaqdır.
Layihədən gözləntimiz öncə kosmik ekosistemin inkişafıdır.
Eləcə də peyk texnologiyaları vasitəsilə iqtisadiyyatda olan digər sahələrə töhfə verməkdir. Əsasən peyk texnologiyaları vasitəsilə dataları analiz edərək digər sahələrdə innovasiyalara nail olacağıq", - deyə "Azərkosmos" rəsmisi əlavə edib.