Ekologiya və təbii sərvətlər naziri Xaçmazda vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 6 oktyabr 2023-cü il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xaçmaz şəhərində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin inzibati binasında vətəndaşları qəbul edib.
1news.az xəbər verir ki, qəbuldan əvvəl nazir və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral xammal, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.