Füzulinin daha 88 sakini doğma yurduna çatıb - YENİLƏNİB

Yenidən çiçəklənən Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan 21 ailə Füzuliyə çatıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, 21 ailə olmaqla 88 nəfər Füzuli sakini doğma yurduna qovuşub.
Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıb.
Onlar doğma yurda qovuşmağın sevincini yaşayıb, daha əvvəl Füzulidə məskunlaşan həmyerliləri ilə görüşərək Vətənə qovuşmağın sevincini paylaşıblar.
***
08:55
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 10-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü olaraq, təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Abadlaşan və daha da gözəlləşən Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə böyük ehtiram duyduqlarını dilə gətiriblər.
Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 165 ailənin, yəni, 602 nəfərin daimi məskunlaşması təmin ediləcək.











