TƏBİB Almaniyadan ölkəyə qayıdan həkim haqqında açıqlama verdi – “Biz dəvət etmişik, hazırda iş başındadır”
“İbrahimov Nicat Xalid oğlu 13 oktyabr tarixindən etibarən TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasında rəsmi olaraq fəaliyyətə başlayacaq. Hazırda Azərbaycandadır və xəstəxanadadır”.
1news.az bildirir ki, bu barədə bir neçə gündür müzakirəsi gedən məsələ ilə bağlı TƏBİB açıqlama verib.
Mətbuat katibi Zamirə Adilova deyib ki, doktor Nicat İbrahimov TƏBİB tərəfindən dəvət olunub.
Açıqlamada qeyd edilir ki, TƏBİB xaricdə yaşayan və çalışan azərbaycanlı həkim mütəxəssislərin Azərbaycanda fəaliyyətinin təşviq edilməsinə hər zaman maraqlıdır. Bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir, danışıq və müzakirələr aparılır:
“Bunun da nəticəsində 100-dək xaricdə təhsil almış və ya çalışmış uzman-həkim bu gün tabeliyimizdəki ayrı-ayrı xəstəxana və tibb müəssisələrində çalışır. Bu il təşkil etdiyimiz Dünyadakı Azərbaycanlı Təbiblərin I Simpoziumunda dünyanın ayrı-ayrı ölkələrindən (12 ölkə) 120-dən çox həkimin iştirakı, təcrübə mübadiləsi üçün regionlarda təşkil olunan təlim və görüşlərə həvəslə qatılması, tibb müəssisələrimizdə yaradılan şəraitlə tanış olması, simpoziumun açılış mərasimində yüksək rütbəli şəxslərin hesabat xarakterli və motivasiyaedici çıxışları, çağırışları, TƏBİB rəhbərliyi ilə görüşləri onlarda xüsusi stimul yaratmamış deyil. Həkimlərdən aldığımız geridönüşlər bizi də məmnun etdi və inanırıq ki, xaricdə çalışan daha bir neçə həkimin ölkəmizə geri qayıtmasına, fəaliyyətinə nail olacağıq. Nicat doktor da TƏBİB tərəfindən dəvət olunub, gəliş səbəbinin nə olmasından aslı olmayaraq, ona çoxminli təbiblərimizin sırasına qoşulduğu üçün təşəkkür edir və uğurlar arzulayırıq”.
Xatırladaq ki, yayılan məlumata görə, Almaniyada çalışan ürək həkimi Nicat İbrahimov orada yüksək əmək haqqı almasına baxmayaraq Azərbaycana işləmək qərarı verib və vətənə qayıdıb.