Qəhvəyi mərmər bağacığının Azərbaycanda yayılmaması üçün sərhəddə avtomobillər dezinseksiya edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəhvəyi mərmər bağacığının Azərbaycanda yayılmaması üçün sərhəddə avtomobillər dezinseksiya edilir

13:31 - 18 / 10 / 2023
Qəhvəyi mərmər bağacığının Azərbaycanda yayılmaması üçün sərhəddə avtomobillər dezinseksiya edilir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qurumlarla birlikdə qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirləri davam etdirir.

1news.az xəbər verir ki, bu ilin ötən dövrü ərzində Şəki-Zaqatala iqtisadi rayonu üzrə 6 012 ədəd feromon tələ asılıb.

Qeyd olunub ki, qəhvəyi mərmər bağacığının sirayətlənmə dinamikasını izləmək və ona qarşı aparılacaq mübarizə tədbirlərini vaxtında həyata keçirmək məqsədilə həmin feromon tələlərə təkrar baxış zamanı 46 yaşayış məntəqəsində zərərvericilər müşahidə olunub. Aşkarlanmış zərərvericilər toplanaraq mexaniki məhv edilib.

Hazırda AQTA və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli qurumları qəhvəyi mərmər bağacığının kütləvi toplaşdığı yerlərdə lokal kimyəvi mübarizə tədbirləri həyata keçirir. Həmçinin Azərbaycana qonşu ölkələrdən daxil olmasının qarşısını almaq məqsədilə Mazımqara sərhəd buraxılış məntəqəsində (Balakən) nəqliyyat vasitələrinin dezinseksiyasına başlanılıb.

Qeyd edək ki, havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar hazırda qəhvəyi mərmər bağacığının yaşayış məntəqələri ətrafında toplanması müşahidə olunur. Zərərvericilər qışlamaq üçün sığınacaqlar axtarır. Bu da Qəhvəyi mərmər bağacığının asanlıqla məhv edilməsinə zəmin yaradır. Eləcə də bu dövrdə Qəhvəyi mərmər bağacığının kənd təsərrüfatı bitkiləri üçün heç bir təhlükəsi olmur. Kifayət qədər maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də bəzi hallarda zərərvericinin bitkidə zədəsi digər zərərli orqanizmlərin zədəsi ilə səhv salınır. Ona görə də, təsərrüfat sahiblərinə bitki üzərində zədə əlamətləri aşkar etdikdə, mütəxəssislərlə məsləhətləşmək tövsiyə olunur.

Paylaş:
236

Son xəbərlər

Bütün xəbərlər