Özbəkistan “ASAN xidmət” təcrübəsinin tətbiqini genişləndirir
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Özbəkistan Respublikasına səfəri davam edir.
1news.az xəbər verir ki, səfər çərçivəsində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin Özbəkistan Respublikasının ədliyyə naziri Əkbər Taşkulov ilə görüşü baş tutub. Görüş zamanı 2019-cu ildə Özbəkistan tərəfi ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən işlər və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb. Özbəkistanlı nazir dövlət xidmətlərinin göstərilməsi sahəsində son dövrlərdə həyata keçirilən islahatlardan bəhs edib.
Bundan əlavə qarşı tərəf Azərbaycanın “ASAN xidmət” təcrübəsi əsasında Özbəkistanda vahid məkandan dövlət xidmətləri göstərən mərkəzlərin uğurlu fəaliyyətinə toxunaraq ötən illər ərzində vətəndaş məmnunluğunun 90 %-ə qədər yaxınlaşdığını bildirib və göstərilən dəstəyə görə Dövlət Agentliyinin sədrinə təşəkkürünü çatdırıb.
Eyni zamanda Özbəkistanın Ədliyyə Nazirliyinin müxtəlif sahələr üzrə fəaliyyət göstərən bölmələri ilə tanışlıq həyata keçirilib.
Səfər zamanı Dövlət Agentliyinin sədri Daşkənd şəhərində “ASAN xidmət” konsepsiyası əsasında fəaliyyət göstərən Dövlət Xidmətləri Mərkəzinin fəaliyyəti ilə tanış olub. Bildirilib ki, hazırda Özbəkistanda 208 Dövlət Xidmət Mərkəzi fəaliyyətdədir. Mərkəzlərdə vətəndaşlara 309 növ dövlət xidməti təqdim olunur və ilin sonuna qədər bu rəqəm 350-yə çatacaq. Həmçinin Azərbaycan təcrübəsi əsasında səyyar xidmətlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Səfər çərçivəsində Dövlət Agentliyinin sədri ilə Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini, Koreya Respublikasının Qyonqsanqbuk-do vilayətinin qubernatorunun müavini, Birləşmiş Ərəb Əmirliklərinin İnnovasiyalar üzrə Məhəmməd Bin Rəşid adına İnnovasiya Mərkəzinin rəhbəri arasında görüşlər keçirilib.