Bu gün Şövkət Ələkbərovanın doğum günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün Şövkət Ələkbərovanın doğum günüdür

15:50 - 20 / 10 / 2023
Bu gün Şövkət Ələkbərovanın doğum günüdür

İfa etdiyi mahnılarla ilk gündən dinləyicilərin ürəyinə yol taparaq yaddaşlarda həkk olunan Şövkət Ələkbərova o nadir sənətkarlardandır ki, sağlığında özü haqqında xoş təəssürat, dünyasını dəyişəndən sonra isə xoş xatirələr qoyub gedib.

Bənzərsiz ifaları ilə könülləri fəth edən Şövkət Ələkbərovanın möhürünü vurduğu mahnılar bu gün tələbələrinin, tanınmış və gənc sənətçilərin ifasında yenidən səslənir. Onun ifasında dinlədiyimiz hər bir nəğmə harada səslənməsindən asılı olmayaraq bu böyük sənətkarı xatırladır.

1news.az xəbər verir ki, bu gün görkəmli müğənni, Xalq artisti Şövkət Ələkbərovanın anadan olmasının 101-ci ildönümü tamam olur.

1922-ci il oktyabrın 20-də Bakıda dünyaya gələn unudulmaz sənətkar Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında solist kimi çalışan sənətkar, sonralar M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi. Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini çəkərək onların xeyir-duasını alan Ş.Ələkbərova ömrünün sonunadək ifası ilə özünü sübut etməklə yanaşı, sənətə əsl sənətkar kimi xidmət göstərib. Onun “Qarabağ şikəstəsi”ni məlahətli səsi ilə mükəmməl səviyyədə ifa etməsi peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu. Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazandı.

Dünyanın bir çox şəhərlərində uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi. Şövkət xanım haqqında bir çox bəstəkarlarımız, o cümlədən Tofiq Quliyev, Arif Məlikov, Cahangir Cahangirov, Ramiz Mirişli və başqaları öz xatirələrini bölüşüblər. Bu sənət adamlarının dediklərində bir ümumi xətt var. O da Şövkət xanımı əsl professional kimi xarakterizə etməkdir. Burada ümumi bir fikirlə də rastlaşırıq: “Şövkət Ələkbərova istər xalq lirik mahnılarının, istərsə də bəstəkarlarımızın yaratdıqları lirik mahnıların bənzərsiz ifaçısıdır”.

“Dərələr”, “Ağ çiçəyim”, “Bir könül sındırmışam”, “Gedək üzü küləyə”, “Ağlaya-ağlaya”, “Haradasan”, “Məhəbbət”, “Tez gəl”, “Süsən sünbül”, “Dəli Ceyran”, “Ay qadası”, “Yar gəldi”, “Kürdün gözəli”, “Ceyran” və digər onlarla mahnı böyük sənətkarın ifasında möhürlənib. Şövkət xanımın repertuarında olan mahnılarda söz, musiqi və ifa bir-birini tamamlayaraq, vəhdət təşkil edib. Elə buna görə də, müğənninin ifa etdiyi mahnılar ilk ifadan dinləyicilərin ürəyinə yol taparaq yaddaşlarda dərin iz buraxıb. Onun konsertlərində iştirak edən insanlar etiraf edirlər ki, Şövkət Ələkbərovanın mahnıları dillər əzbəri olduğundan tamaşaçıların dodaqlarının tərpənməsini müşahidə etməmək mümkünsüz idi.

Şövkət Ələkbərovanın sənəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sənətkarın 90 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd edilib.

Musiqidə belə bir məqam var ki, xalq tərəfindən sevilən mahnılar zaman keçdikcə xalq mahnıları kimi qəbul olunur. Sözsüz ki, belə mahnıları yaradan sənətkarlar üçün bu, böyük xoşbəxtlikdir. Şövkət xanımın ifa etdiyi mahnılar məhz bu qəbildəndir. Onun mahnıları səsləndikcə Şövkət xanımı da yaşadacaq.

Paylaş:
446

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər