Ali Məhkəmənin əməkdaşları Avropa Məhkəməsində olublar
Ali Məhkəmə Aparatının əməkdaşları Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Fransanın Strasburq şəhərində İnsan Hüquqları üzrə Avropa Məhkəməsində tədris səfərində olublar.
1news.az-ın məlumatına görə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Yüksək Məhkəmələr Şəbəkəsinin Tədris səfəri (“Visiting Professional Scheme”) layihəsi çərçivəsində əməkdaşlar müxtəlif mövzularda seminarlarda iştirak edib və fikir mübadiləsi aparıblar.
Ali Məhkəmənin nümayəndə heyəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədr müavini və həmin məhkəmənin digər əməkdaşlarının məruzələrini dinləyib, məhkəmənin struktur bölmələrinin iş qaydası və məhkəmə işlərinin təşkil edilməsi üsulları barədə məlumat əldə edib.
Xüsusilə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında vahid məhkəmə təcrübəsi baxımdan əhəmiyyətli olan oxşar işlər üzrə əvvəllər qəbul edilmiş məhkəmə qərarlarına istinad edilməsi qaydaları öyrənilib, məruzəçilərlə və tədbir iştirakçısı olan Sloveniya Respublikasının Ali Məhkəməsinin və Latviya Respublikasının Konstitusiya Məhkəməsinin nümayəndə heyətləri ilə fikir mübadiləsi aparılıb.