"Azərsu"ya “ASAN xidmət” və “ASAN Kommunal”la müraciətlərin sayı 15 % artıb
Bu ilin yanvar-sentyabr aylarında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə içməli və tullantı su sahəsində xidmətlərlə bağlı 127 402 müraciət daxil olub.
1news.az "Azərsu" ASC-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.
Məlumata görə, müraciətlərin 76 332-si “ASAN Kommunal”, 50 667-si “ASAN xidmət” mərkəzlərində, 403-ü isə KOB evlərində qeydə alınıb. Vətəndaşlar xidmət bölmələrinə daha çox texniki şərtin verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi və digər məsələlərlə bağlı müraciətlər edib.
Hazırda “Azərsu”yun xidmətləri Bakıdakı 1,2,3 saylı “ASAN Kommunal”, 6 saylı “ASAN xidmət”, həmçinin regionlarda 16 “ASAN xidmət” mərkəzində təşkil olunub. Bu mərkəzlərdə “Azərsu”yun 54 xidmət pəncərəsi mövcuddur.
“Azərsu” “ASAN xidmət” mərkəzlərində müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlayıb, 2017-ci ildən isə “ASAN Kommunal” mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-cü ildən indiyə qədər bütün xidmət mərkəzlərinə vətəndaşlardan müxtəlif məsələlərlə bağlı 800 mindən çox müraciət daxil olub.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət indeksi”nə əsasən “Azərsu” 2021-2022-ci illərdə kommunal xidmətlər göstərən qurumlar arasında 1-ci olub. Bu, xidmətdən yararlanma imkanının genişləndirilməsi, vətəndaşların məlumatlandırılması, əməkdaşların peşəkarlıq səviyyəsinin ölçülməsi, elektronlaşdırma göstəricilərinin qiymətləndirilməsi nəticəsində əldə edilib.