Mətbuat Şurası və MEDİA region mediasının durumunu müzakirə edib
Azərbaycan Mətbuat Şurasında İdarə Heyətinin üzvləri ilə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun və qurumun rəhbər şəxslərinin görüşü keçirilib.
1news.az xəbər verir ki, toplantını giriş sözü ilə açan MŞ-nin sədri Rəşad Məcid MŞ-nin təmsilçiləri ilə MEDİA rəhbərliyinin təmaslarının media məkanımızdakı proseslərlə bağlı fikir mübadiləsi aparmaq baxımından əhəmiyyətli cəhətlərinə toxunub, görüşlərin ənənəvi xarakter almasından məmnunluğunu dilə gətirib.
Görüşdə əsasən ölkəmizdə region mediasının hazırkı vəziyyəti və perspektiv inkişaf istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub. Ə.İsmayılov bildirib ki, rəhbərlik etdiyi qurum Quba və Lənkəranda region mətbuatının nümayəndələri ilə görüşlər keçirib. Sistemli xarakter daşıyan bu görüşlərdə məqsəd regionlardakı media mühitinin diaqnostik qiymətləndirməsini apararaq bu sahənin inkişafına istiqamətlənən addımlar atmaqdır.
Görüşdə MŞ-nın İdarə Heyətinin üzvlərinin təklifləri dinlənilib və sualları cavablandırılıbdır.
Xatırladaq ki, 12 oktyabr 2022-ci il tarixində Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədin imzalanmasında məqsəd MEDİA və Mətbuat Şurası arasında müştərək layihələrin reallaşdırılması istiqamətində effektiv və faydalı əməkdaşlıq münasibətlərinin qurulması, media mühitinin şəffaflaşdırılması, jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, etik davranış qaydalarının tətbiqi sahəsində proseslərin stimullaşdırılması və bu məqsədlə digər fəaliyyətlərin koordinasiya edilməsidir.