Bu gün kinomuzun “Ögey ana”sı Nəcibə Məlikovanın doğum günüdür
Bu gün bənzərsiz aktrisamız Nəcibə xanım Məlikovanın doğum günüdür.
1news.az xatırladır ki, o, 1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində anadan olub. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinfini bitirib (1940-1943), daha sonra isə Gəncə Dövlət Dram Teatrında çalışıb.
Məlikova Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Şamama cadu), Cəfər Cabbarlının "Aydın" (Böyükxanım), "1905-ci ildə" (Sona), "Sevil" (Edilya), İlyas Əfəndiyevin "Büllur sarayda" (Qönçə), "Qəribə oğlan" (Məlahət), "Mirzə Şəfi Vazeh" (Zübeydə), Səməd Vurğunun "Vaqif" (Xuraman) və başqa əsərlərdə rol alıb.
Nəcibə xanım Azərbaycan kinosunda unudulmaz rolların ifaçısı kimi yadda qalıb. Bunlara "Ögey ana"da Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala rollarını misal göstərmək olar.
Azərbaycan tamaşaçısı onu daha çox ögey ana obrazı ilə xatırlasa da, Nəcibə xanım bütün rollarda doğma və əvəzedilməz idi.
O, 1959-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1974-cü ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Qeyd edək ki, Nəcibə Məlikova 1992-ci il iyulun 27-də vəfat edib.