Şəkidə qızılca infeksiyasının yayılması ilə bağlı son vəziyyət açıqlanıb
Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada qızılca infeksiyası ilə bağlı 25 nəfərdə yoluxma faktı qeydə alınıb. 25 sentyabr tarixindən başlayaraq uşaqlar arasında səpki ilə müşayiət olunan xəstəlik aşkar olunub.
1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemioloji şöbəsinin müdiri Fəhimə Paşayeva məlumat verib.
Şöbə müdiri bildirib ki, bu infeksiya hadisəsi ilk dəfə Yevlax rayonundan gəlmiş şagirddə aşkarlanıb: "Bu uşaq məktəbin işçiləri tərəfindən valideyninə təhvil verilib. Sonradan həmin xəstənin qardaşlarında da yoluxma aşkar olunub və bu uşaqlar xəstəxanaya yerləşdirilib. 25 sentybar tarixindən gimnaziyada həkim müayinəsi aparılıb və 9 xəstədə infeksiya aşkar olunduğundan onlar da xəstəxanaya yerləşdirilib. Bundan sonra 25 sentyabrdan 11 oktyabr tarixinədək ümumiyyətlə internat məktəbinin 25 şagird və təhsil işçisində bu infeksiya aşkarlanıb. Ümumilikdə bu infeksiya 23 uşaqda olub, 1 tərbiyəçi müəllim və 1 xadimədə tapılıb. Yoluxanların hər biri xəstəxanada müalicə alıb və evə buraxılıblar. 11 oktyabr tarixindən etibarən internatdan müraciət edən olmayıb. Gimnaziyanın fəaliyyəti biz tərəfdən dayandırılmayıb, biz müayinələr apararaq müdiriyyətə tapşırıq vermişik ki, internata uşaq qəbulu axırıncı hadisədən 21 gün müddətinə dayandırılsın".
Qeyd edək ki, Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada şagirdlər arasında yayılmış qızılca infeksiyasına görə 21 günlük karantin tətbiq edilib. Gimnaziya şəhərin "Yuxarı Baş" adlanan tarixi mərkəzində yerləşir. Gimnaziya 150 şagird yerlikdir. Orada Şəki ilə bərabar, qonşu Yevlax, Mingəçevir, Bərdə və digər rayonlardan olan intellektual məhdudiyyətli uşaqlar, aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrin övladları təhsil alır.
Səhiyyə Nazirliyinin məlumatına görə Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın şagirdləri arasında 2023-cü ilin sentyabr ayının sonlarından başlayaraq qızılca infeksiyasına yoluxma halları baş verib. Belə ki, gimnaziyanın 22 sinfindən 18-də tək-tək yoluxma halları müşahidə olunub. Bu hallar əsasən qızılcaya qarşı vaksinasiyadan kənarda qalmış uşaqlar arasında baş verib.