“Italdizain” şirkətinin dəstəyi ilə “Gazelli Art House” qalereyasinda “Cartier” evinin “The Culture of Design” sərgisi keçirilir
Oktyabrın 23-də Bakıda “Gazelli Art House” müasir incəsənət qalereyasında “Cartier” Evinin yeddi məşhur kolleksiyasının tarixi, dizaynı və müasir təfsirinə həsr olunmuş “The Culture of Design” sərgisinin açılışı olub.
Sərgi çərçivəsində təqdim olunan əfsanəvi məhsullar - “Santos”, “Tank”, “Trinity”, “Love”, “Juste un Clou”, “Panthère” və “Ballon Bleu” dörd əsas dizayn prinsipinə əsaslanır: xətlərin saflığı, formaların lakonikliyi, nisbətlərin dəqiqliyi və detalların qiymətliliyi. Yaxşı düşünülmüş dizaynı sayəsində bu saat və zinət əşyaları istənilən dövr üçün uyğundur. Bəziləri üçün müasir, bəziləri üçün isə vintaj üslublu - “Cartier” Evinin klassik, zamandan asılı olmayan və əvəzolunmaz modelləri zamanın sınağına uğurla sinə gərir. Yenidən həyata vəsiqə qazanan bu modellər insanı hələ də valeh edir və lüks əşyalar zamanla ailə yadigarına çevrilir. “Cartier” məhsulları mədəni və emosional irsi təmsil edir.
“ITALDIZAIN” şirkətinin dəstəyi ilə keçirilən “The Culture of Design” sərgisi “Gazelli Art House” qalereyasının üç mərtəbəsində təşkil olunub. Birinci mərtəbədə qarşılanma sahəsi və müvəqqəti kafe, ikinci mərtəbədə əfsanəvi məhsul və dizayn elementlərinin, eləcə də məşhur “Cartier” pərəstişkarlarının foto və video sərgisi fəaliyyət göstərir. Burada Endi Uorhol və Qreys Kellidən tutmuş Katrin Denev və Məhəmməd Əliyə qədər “Cartier” Evinin bir çox pərəstişkarının sevimli bəzək əşyaları ilə tanış olmaq və əfsanəvi “Cartier” formalarında bu məşhur şəxslərin hansı xarakterik xüsusiyyətlərinin əks olunduğunu ətraflı şəkildə öyrənmək mümkündür. Üçüncü mərtəbə isə ictimai çıxışlar üçün auditoriya nəzərdə tutulmuşdur.
Sərginin mühüm cəhətlərindən biri də Azərbaycanın yaradıcı ictimaiyyətinin görkəmli nümayəndələri - müğənni, bəstəkar və musiqiçi Diana Hacıyeva, pianoçu, bəstəkar və musiqişünas Riyad Məmmədov, art-kurator və “Barza Collection” şirkətinin təsisçisi Samirə Səfi, multi-dissiplinar rəssam Elnarə Nəsirli, rəssam və incəsənət xadimi Zöhrab Salamzadə, “Scandar” brendinin dizayner və təsisçisi Anar İsgəndərli, moda stilisti və rəssam Murad Vəliyev ilə birgə yaradılmış layihə oldu. Bu layihə onların “Cartier” Evinin əfsanəvi yaradıcılığı ilə əlaqəsindən bəhs edir. Belə ki, hər bir iştirakçının öz sevimli “Cartier” məhsulu və həmin məhsul ilə emosional əlaqəsi var.
“The Culture of Design” sərgisi oktyabrın 28-də və 29-da ziyarətçilər üçün açıq olacaq.
Sərgiyə giriş https://italdizain.az/az/events/the-culture-of-design internet saytında əvvəlcədən qeydiyyatdan keçməklə ödənişsizdir.
2003-cü ildə Bakıda açılmış “Gazelli Art House” qalereyası ən yaxşı dünya müəlliflərinin imzası ilə müasir incəsənət əsərlərinin yaradılması və təqdimatı, eləcə də sərgilər, söhbətlər, seminarlar və turlar keçirməklə, müasir incəsənətin rəssam, yazıçı və mütəxəssislər arasında dialoq vasitəsi ilə dərk edilməsi üçün nəzərdə tutulmuş məkandır.
> Reklam hüququnda