İçərişəhər sakinlərinin eksponatlarından ibarət sərginin açılışı baş tutdu - FOTO
Dünən Şirvanşahlar Sarayı Kompleksində “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə baş tutan “İçərişəhərim” adlı sərginin açılışı olub.
Bu barədə 1news.az-a İdarədən məlumat verilib.
Layihənin unikallığı içərişəhərli olan sakinlərin soykökündən gələn dəyərlərin və onların tarixini ictimaiyyətə nümayiş etdirilməsidir. Sərginin keçirilməsinin əsas məqsədi İçərişəhər sakinlərinin tarixi əsrlərə söykənən milli dəyərlərini yaşatmaq və onları tanıtmaqdır.
“İçərişəhərim” sərgisində nümayiş edilən yüzdən artıq eksponatlardan ən qədimi XVIII, ən müasiri isə XX əsrin ortalarına aiddir. Onların arasında qədim musiqi alətləri, analarımızın sevgi ilə yaratdıqları və qız-gəlinlərinin cehizinə qoşduqları nəfis aksesuarlar, dini əşyalar, sənədlər və fotolar var. Hər bir əşya özündə böyük bir tarixi dövrləri yaşadaraq, qədim Bakının etnoqrafik lövhələrini, bədii sənətkarlıq dünyasını, ailə-məişət ənənəsini əks etdirir.
“İçərişəhərim” sərgisi 30.11.2023-cü il tarixinədək Şirvanşahlar Sarayı Kompleksində muzey ziyarətçiləri üçün açıq olacaq.
“İçərişəhərim” sərgisinə giriş sərbəstdir.