“Budəfəki Zəfər bayramının əvvəlki iki ildə keçirdiyimizdən böyük fərqi var” - Elman Nəsirov
“Noyabr ayının 8-də xalqımız böyük fəxarət və qürur hissi ilə Zəfər bayramını qeyd edəcək”.
Bunu Zəfər Gününün 3-cü ildönümü ilə bağlı 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Zəfər bayramının artıq 3 ili tamam olur. Amma budəfəki Zəfər bayramının əvvəlki iki ildə keçirdiyimizdən böyük fərqi var. Fərqi ondadır ki, bundan əvvəlki Zəfər bayramları zamanı Qarabağda suverenliyimiz tam və qəti təmin edilməmişdi. Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında hələ də əlisilahlı ermənilər qalırdı. Ermənistanın qeyri- qanuni silahlı birləşmələri və separatçıların silahlı qruplaşmaları fəaliyyət göstərirdi. Təxminən 10-12 minlik qeyri-qanuni silahlı birliklər mövcud idi. Azərbaycan bayrağı nə Xocalıda, nə Xacavənddə, nə də Xankəndində dalğalanmırdı. Bütün bu reallıqlar bizi narahat edirdi”.
Deputat qeyd edib ki, bu il sentyabr ayının 19-20-də Azərbaycan silahlı qüvvələrinin keçirdiyi lokal xarakterli antiterror tədbirlər nəticəsində Qarabağda tam şəkildə suverenliyimiz təmin edilmiş oldu və Azərbaycan bayrağı ilk növbədə Xankəndində dalğalandı.
“Azərbaycan Prezidenti, Ali Baş Komandanımız Bayrağımızı yüksəltdi və Xankəndinin mərkəzində bir proqram xarakterli çıxış etdi. Doğrudan da, bu tarixi andır. Biz tarixi anlar yaşadıq və xoşbəxtik ki, 30 ildən sonra ilk dəfə Xankəndində hərbi parad keçirirdik. Artıq bu faktın özü Ermənistanda şok effekt yaradıb ki, Azərbaycan Qarabağın suverenliyini tam təmin edib və indi də hərbi parad keçirir və Zəfər bayramını təntənəli şəkildə qeyd edir. Bu gün hesab edirəm ki, fəxarət hissi ilə qeyd etmək olar ki, 21-ci əsr Azərbaycan əsrdir. 21-ci əsr Azərbaycan xalqının, Azərbaycan ordusunun əsridir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu tarixi zəfərləri ilə öz adını birdəfəlik dünyanın qalibiyyətlərlə zəngin hərb tarixinə həkk etmişdir”.
Xatırladaq ki, Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur.
Sentyabrın 19-da isə Azərbaycan ordusu konstitusiya hüququnu bərpa etmək məqsədilə Qarabağda antiterror əməliyyatına başladı. Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri təxminən 24 saat davam edən əməliyyatdan sonra silahlarını yerə qoydu. Bölgədə işğalçı rejim quran qondarma erməni administrasiyası özünü ləğv etdiyini açıqladı. Qondarma rejimin keçmiş icra başçıları saxlanılaraq paytaxt Bakıya aparıldı. Antiterror əməliyyatından sonra Azərbaycan prezidenti İlham Əliyev ölkənin suverenliyinin tam təmin olunduğunu bəyan etdi.
Qeyd edək ki, Azərbaycan noyabrın 8-də İkinci Qarabağ müharibəsindəki qalibiyyətinin 3-cü ildönümünü Zəfər bayramı ilə qeyd edəcək.