Efiopiya “ASAN xidmət” modelini tətbiq edəcək
26 oktyabr – 4 noyabr 2023-cü il tarixində Efiopiya Federativ Demokratik Respublikasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub.
1news.az xəbər verir ki, efiopiya tərəfinin təşəbbüsü ilə baş tutmuş səfərin məqsədi “ASAN xidmət” konsepsiyasının öz ölkələrində tətbiqi istiqamətində müzakirələrin aparılması, eləcə də müvafiq istiqamətdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin çatdırılması, sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr ilə yaxından tanış olmaqdır.
Səfər proqramı çərçivəsində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə nümayəndə heyəti arasında görüş keçirilib. Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verilib. Şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunduğu diqqətə çatdırılıb.
Dövlət Agentliyinin sədri Efiopiyaya səfərini məmnunluqla xatırladıb, bundan sonra da dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan təcrübəsinin bölüşülməsi istiqamətində dəstəyə hazır olduqlarını bildirib.
Nümayəndə heyətinə Dövlət Agentliyinin müxtəlif şöbələri tərəfindən geniş təqdimatlar da edilib.
Qonaqlar 3 və 7 saylı Bakı “ASAN xidmət” mərkəzlərinin, Şamaxı “ASAN Həyat” kompleksinin, Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın və ASAN Radionun fəaliyyəti ilə yaxından tanış olublar.
Səfərin nəticələrinə əsasən Efiopiyada “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə əlaqədar yol xəritəsinin hazırlanması, eləcə də qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə əlaqədar razılığa gəlinib.