İranlı narkotacirin bank hesabına pul göndərib onlayn yolla narkotik alan şəxs saxlanılıb
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında gecə saatlarında keçirilən tədbir zamanı Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Kənan Mayılzadə rayonunun Həsənabad kəndi ərazisində saxlanılıb.
Onun əlində olan torbaya keçirilən baxış zamanı ümumi çəkisi 4 kiloqramdan artıq olan marixuana, heroin və metamfetamin aşkar edilərək götürülüb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, K.Mayılzadə sosial şəbəkə vasitəsilə tanış olduğu "Əli" adlı iranlı narkotacirin bank hesabına narkotik vasitələr almaq üçün 3000 manat pul göndərib. Narkotacir isə ona Neftçala rayonunun Həsənabad kəndi ərazisində əvvəlcədən gizlədilmiş narkotik vasitələrin yerini bildirib. K.Mayılzadə narkotik vasitələri təyin olunan yerdən götürüb uzaqlaşmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.