Bakı Dəmiryol Vağzalında növbəti praktiki təlim keçirilib - VİDEO
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Fövqəladə Hallar Nazirliyi ilə birgə 31 oktyabr 2023-cü il tarixində Bakı Dəmiryol Vağzalında dəmir yolu nəqliyyatında “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda praktiki təlim keçirib.
1news.az xəbər verir ki, təlimin keçirilməsində məqsəd xilasetmə işləri, o cümlədən təxirəsalınmaz tibbi yardımın göstərilməsi sahələrində əməkdaşların bilik və səriştəliyinin artırılması və təcrübə mübadiləsinin genişləndirilməsidir.
Təhlükəsiz, etibarlı, müasir və eyni zamanda dayanıqlı nəqliyyat xidmətləri göstərməklə ADY Azərbaycanın regionun nəqliyyat qovşağına çevrilməsinə töhfə verməyi hədəfləyib. Bu baxımdan qurum əməkdaşlarının fəaliyyətində, o cümlədən sərnişin və yük daşımalarında təhlükəsizliyə ciddi önəm verir, müvafiq istiqamətdə risklərin idarəedilməsi prosedurlarını uğurla həyata keçirir.
Qeyd edək ki, təşkil olunmuş birgə təlimə FHN-in Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyəti ilə yanaşı, xüsusi təlim görmüş itlər, ADY-nin mülki müdafiə qüvvələri, o cümlədən 2 yanğınsöndürən qatar və müvafiq nəqliyyat vasitələri cəlb olunub.