Braziliyada Heydər Əliyev İli və Azərbaycanın bu ölkə ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub - FOTO
Oktyabrın 26-da və 31-də Azərbaycanın Braziliyadakı Səfirliyi tərəfindən bu ölkənin Belem və paytaxt Braziliya şəhərlərində iki möhtəşəm konsert təşkil edilib.
1news.az xəbər verir ki, Belem şəhərinin əfsanəvi sənət ocağı olan Teatro Da Paz konsert zalında Avstriyada fəaliyyət göstərən Azərbaycanlı dirijor Abuzər Manafzadənin rəhbərliyi altında “Teatro Da Paz” simfonik orkestrinin müşayiəti ilə Karen Danger-Manafzadə (soprano), Nicat Məsimov (balaban) və Sultan Hüseyn (nağara) Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət rəngli proqramla çıxış ediblər.
Proqramın birinci hissəsində orkestrin ifasında Y.Bramsın əsərləri, ikinci hissəsində isə Sevil Əliyevanın “Ana” mahnısı, Fikrət Əmirovun “Sevil” operasından Dilbərin ariyası, eləcə də Abuzər Manafzadənin üç hissədən ibarət balaban konserti səsləndirilib. Həmçinin, K. Danger-Manafzadənin bəstələdiyi “Azərbaycan, gözəlsən” mahnısının ilk ifası baş tutub. Oktyabrın 31-də isə paytaxt Braziliada “Teatro Nacional Claudio Santoro” simfonik orkestrinin müşayiəti ilə daha bir maraqlı konsert proqramı təqdim olunub. Proqramda yuxarıda adları çəkilən Azərbaycan musiqi əsərləri ilə yanaşı, Xalq artisti, bəstəkar Sərdar Fərəcovun piano və simli alətlər üçün aranjimanında V.A.Motsartın “Türk marşı”, Vaqif Mustafazadənin Fortepiano və kamera orkestri üçün caz üslubunda konserti və A.Manafzadənin “Xocalıya” adlı əsəri ifa edilib.
Hər iki konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Balaban və nağara xalq çalğı alətlərinin simfonik orkestr ilə yaratdığı ahəngdar səslənmə braziliyalı dinləyicilərə xüsusi zövq verib. Konsertlərdən əvvəl çıxış edən Azərbaycan Respublikasının Braziliyadakı səfiri Rəşad Novruz bu tədbirlərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunduğunu qeyd edib, 1995-ci ildə Prezident Heydər Əliyevin Braziliyanın sabiq Prezidenti Enrike Kardoso ilə görüşü, bu günki münasibətlərimizin kökündə duran o vaxtkı razılıqlar barədə bəhs edib. Bu tarixi şəxsiyyətin ikitərəfli münasibətlərin yaranıb inkişaf etdirilməsində həlledici roluna hörmət xüsusunda bu konsertlərin Heydər Əliyevin əziz xatirəsi və Braziliya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edildiyi qeyd edilib. Konsertlərdə Braziliyanın turizm nazirinin müavini, digər hökumət rəsmiləri, senatorlar, federal deputatlar, o cümlədən Azərbaycan-Braziliya Parlamentlərarası Dostluq Qrupunun həmsədrləri deputat Klaudio Kajado və Milli Məclisin millət vəkili Müşfiq Məmmədli, diplomatik korpus, mədəniyyət təsisatları, tələbələr və yerli ictimaiyyət iştirak edib.
Qeyd edək ki, bu tədbirlər Braziliyada Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş və il ərzində Səfirlik tərəfindən təşkil olunmuş silsilə tədbirlərin yekunudur. Belə ki, bu il martın 12-də Rio De Janeyro şəhərində Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya simfonik orkestrinin konserti, mayın 24-də isə paytaxt Braziliada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist, “Montreux Caz Festivalı”nın qalibi Emil Əfrasiyabın konserti keçirilib.