“Azərbaycan” İES-ə ekskursiya təşkil edildi
Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyi Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə reallaşdırdığı layihənin icrasını davam etdirir.
1news.az xəbər verir ki, bu günlərdə “Heydər Əliyev irsinin gənc nəsil arasında təbliği” adlı layihə çərçivəsində daha bir tədbir icra olunub.
Belə ki, layihə çərçivəsində 100-dən çox məktəblinin Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasına ekskursiyası təşkil edilib.
Ekskursiya zamanı şagirdlər stansiyanın fəaliyyəti ilə yaxından tanış olub, enerjinin alınma prosesini canlı izləyiblər. “Azərenerji” ASC-nin mütəxəssisləri tərəfindən şagirdlərə məlumat verilib ki, Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan Azərbaycan İstilik Elektrik Stansiyası Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib, stansiyasının birinci bloku 1981-ci ildə istismara verilib. Məhz bu elektrik stansiyası 1990-cı illərin əvvəlində Sovet İttifaqının dağılması ərəfəsində müstəqil Azərbaycanın enerji tələbatının böyük hissəsini ödəyib. Qeyd edilib ki, hazırda “Azərbaycan” İES ölkənin elektrik enerjisinə olan tələbatının 40 faizini ödəyir. Stansiyada istehsal edilən elektrik enerjisi respublikanın enerji sisteminə 330 və 500 kilovoltluq elektrik verilişi xətləri ilə ötürülür. Yenidənqurma işlərindən sonra stansiyanın qoyuluş gücü 2400 MVt-a çatdırılıb və 600 MVt itirilmiş güc bərpa olunub. Bununla da “Azərbaycan” İES-in etibarlılığı artıb, dayanıqlılığı, təhlükəsizliyi və səmərəliliyi təmin olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edib