Sosial yardım düzəltmək adı ilə onlarla şəxsin pullarını mənimsəyən şəxs saxlanılıb
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı onlarla şəxsin sosial yardım düzəltmək adı ilə pullarını mənimsəyən Bakı şəhər sakini Romal Bəyəlizadə saxlanılıb.
Bu barədə 1news.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində Bakı şəhərində, eləcə də respublikanın bir neçə rayonunda sosial müavinət düzəldəcəyi adı ilə zərərçəkənləri aldadaraq onların külli miqdarda pullarını mənimsəyib.
Həmin şəxs ifadəsində dələduzluq əməllərini səmimi etiraf edib.
R.Bəyəlizadənin əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə və Quba RPŞ-nin (+994 23 335 35 11) şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Faktla bağlı araşdırma aparılır.